70 İLLİK ÖMRÜN NOTLARI!

Mədəniyyət
Dünən, 16:07

Ömrünü mədəniyyətə həsr edən insan – Rahib Məmmədovun həyat və fəaliyyət yolu

Azərbaycan mədəniyyətinə uzun illər vicdanla xidmət etmiş, Hacıqabul rayonunda musiqi və mədəniyyət sahəsinin inkişafında mühüm rol oynamış Rahib Məmmədovun həyat yolu zəhmət, fədakarlıq və vətənə xidmət nümunəsidir. Onun 70 illik yubileyi münasibətilə hazırladığımız müsahibədə ömür yolunun unudulmaz məqamlarına nəzər saldıq.
– Rahib müəllim, əvvəlcə həyat və fəaliyyətiniz haqqında qısa məlumat verməyinizi xahiş edirik.
– Mən, Məmmədov Rahib Seyfulla oğlu, 30 iyul 1956-cı ildə Azərbaycanın gözəl guşələrindən olan Quba şəhərində anadan olmuşam. Uşaqlıq illərimdən ailəmlə birlikdə Şirvan şəhərində yaşamışam. Orta təhsilimi Şirvan şəhər 9 nömrəli məktəbdə, musiqi təhsilimi isə Şirvan Uşaq Musiqi Məktəbində almışam.
Musiqi həyatımın ayrılmaz hissəsinə çevrilib. İlk müəllimim mərhum Mirzağa müəllim, sonrakı illərdə isə görkəmli sənətkar, professor, Əməkdar incəsənət xadimi Nazim Kazımov olub. Bu gün qazandığım bütün uğurlarda Nazim müəllimin zəhmətini və qayğısını böyük minnətdarlıqla xatırlayıram.
1973-cü ildə orta və musiqi məktəblərini bitirdikdən sonra onun tövsiyəsi ilə Sumqayıt Orta İxtisas Musiqi Texnikumuna daxil oldum. Təhsilimi başa vurduqdan sonra Qusar Rayon İncəsənət Məktəbində müəllim kimi fəaliyyətə başladım. Sonradan Şirvana qayıdaraq müəllimlik fəaliyyətimi davam etdirdim. 1987-ci ildə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasına qəbul oldum və 1992-ci ildə ali musiqi təhsilimi başa vurdum.
 - Hacıqabul rayonunda fəaliyyətiniz necə başladı?
– 1990-cı ildə yeni yaradılan Qazıməmməd Şəhər Uşaq Musiqi Məktəbinə direktor təyin olundum. Açığını deyim ki, həmin vaxta qədər Hacıqabulu heç görməmişdim. Əlimdə yalnız nazir Polad Bülbüloğlunun imzaladığı təyinat əmri vardı. Məktəbin isə nə binası, nə avadanlığı, nə də müəllim kollektivi mövcud idi.
İlk fəaliyyətimiz olduqca ağır şəraitdə başladı. Dəmir yolunun inzibati binasında ayrılmış üç kiçik otaqda 60 şagird və 9 müəllimlə musiqi məktəbinin təməlini qoyduq. Sonrakı illərdə köhnə poçt binasında, çox çətin şəraitdə fəaliyyətimizi davam etdirdik. Öz imkanlarımız hesabına otaqları təmir edir, yeni siniflər yaradırdıq. Şagirdlərin sayı artırdı, çətinliklər isə bizi yolumuzdan döndərə bilmirdi.
Mən həmişə kabinetdə oturan rəhbər yox, kollektivlə çiyin-çiyinə çalışan bir insan olmuşam. Məktəbin formalaşması üçün hər çətinliyi birlikdə yaşamışıq.
2001-ci ildə Mədəniyyət Nazirliyinin əmri ilə Hacıqabul Rayon Mədəniyyət Şöbəsinin müdiri təyin olundum. Bu vəzifədə də məni eyni çətinliklər gözləyirdi. Rayonun mədəniyyət müəssisələrinin əksəriyyətinin normal şəraiti yox idi. Kitabxana, klub, muzey və digər müəssisələrin fəaliyyətini bərpa etmək, onlar üçün bina və şərait yaratmaq əsas məqsədimiz idi.
Mərhələli şəkildə bu problemlərin həllinə nail olduq. Rayon Tarix-Diyarşünaslıq Muzeyinin yenidən fəaliyyətə başlaması, mədəniyyət müəssisələrinin işinin təşkil olunması həmin illərin ən mühüm uğurlarından biri oldu.
  -Pir Hüseyn Xanəgahı Tarix-Memarlıq Abidəsinin bərpasında rolunuzu bilmək istərdik...
– Bu məsələ mənim üçün xüsusi əhəmiyyət daşıyır. Tarixçi Mübariz Xəlilovla birlikdə abidənin qəzalı vəziyyəti ilə bağlı təşəbbüs göstərdik, rayon ictimaiyyətinin dəstəyini qazandıq və Mədəniyyət Nazirliyi qarşısında məsələ qaldırdıq.
Nəticədə 2003-cü ildən etibarən Pir Hüseyn Xanəgahında genişmiqyaslı bərpa işlərinə başlanıldı. Bu işdə nazirin sabiq birinci müavini Ədalət Vəliyevin böyük dəstəyi oldu. Ona dərin təşəkkürümü bildirirəm.
2005-ci ildə isə şəxsən nazir Polad Bülbüloğlu ilə görüşərək Xanəgahın dövlət tarix-mədəniyyət qoruğu statusu alması məsələsini qaldırdım. Təklifimiz müsbət qarşılandı və həyata keçirildi. Bu gün həmin qoruqda onlarla insan çalışır və bu tarixi abidə dövlət tərəfindən qorunur.
Mənim üçün ən böyük mükafat tutduğum vəzifələr deyil, gördüyümüz işlərin bu gün də insanlara xidmət etməsi, mədəniyyətimizin yaşamasına töhfə verməsidir.
 -Bilirik ki, 2007 ci ilə qədər rayonda mədəniyyət evi olmayıb. Yalnız Dəmiryol həmkarlar ittifaqlarının balansında olan Dəmiryolçular klubu olub. Sizin işlədiyiniz dövrdə klub rayon Mədəniyyət şöbəsinin balansına verildi. Bu işdə xidmətiniz nədən ibarət oldu?
 -Akif müəllim, yuxarıda da qeyd etdim, Hacıqabulda 2007-ci ilə qədər rayon Mədəniyyət Evi olmayıb. Yerli olduğunuz üçün bunu yaxşı bilirsiniz. Yalnız Dəmiryol Həmkarlar İttifaqının balansında olan bir klub fəaliyyət göstərirdi. Həmin klubun binası isə sovet dövründən qalmış, 1959-cu ildə tikilərək istifadəyə verilmiş, uzun müddət baxımsız vəziyyətdə olan bir bina idi.
Bir məsələni də xüsusi qeyd etmək istəyirəm. Nazir müavini Ədalət Vəliyevə rayonun mədəniyyət sahəsinə göstərdiyi böyük diqqətə görə minnətdaram. Bir dəfə onun qəbulunda olarkən həmin bina haqqında məlumat verdim. İnanın, səmimiyyətimə, heç bir həftə keçməmiş Dəmiryol Həmkarlar İttifaqından üç nəfər nümayəndə təhvil-təslim işləri üçün gəldi, müvafiq sənədləşmə aparıldı və bina rayon Mədəniyyət və Turizm İdarəsinin balansına verildi.
Təvazökarlıqdan uzaq olsa da deyim ki, necə sevinməyəydim? İnanın, sevincimin həddi-hüdudu yox idi. Görünür, nazirlikdə də fəaliyyətimdən müəyyən qədər razı idilər. Nə xahişlə müraciət edirdimsə, imkan daxilində müsbət həllinə çalışırdılar.
Bina artıq mədəniyyətin balansına verilmişdi. Mən də onun əsaslı təmiri ilə bağlı nazirliyə yazılı müraciət etdim. Cavab gəldi ki, təmir işlərini rayon rəhbərliyi həyata keçirsin, nazirlik isə Mədəniyyət Evini yeni inventar və avadanlıqlarla təmin edəcək. Müəyyən miqdarda vəsait də rayon maliyyə şöbəsinə təmir işləri üçün ayrıldı.
Yenə bəxtimiz gətirdi (gülür). 2007-ci ildə ilk dəfə cənab Prezident İlham Əliyev Hacıqabul rayonuna səfər etdi. Prezidentin səfərindən əvvəl Mədəniyyət Nazirliyinin nümayəndələri rayona gəldilər və bizə çox sevindirici xəbər verdilər: cənab Prezident rayon Mədəniyyət Evinin əsaslı təmiri ilə bağlı tapşırıq verib.
İnanın, nə qədər sevindiyimi sözlə ifadə etmək çətindir. Üstəlik, görülən işlər mənim işlədiyim dövrə təsadüf edirdi. Bina yüksək səviyyədə əsaslı təmir olundu. 2009-cu ildə isə cənab Prezidentin ikinci dəfə Hacıqabula səfəri zamanı onun iştirakı ilə rayon Mədəniyyət Evinin açılışı keçirildi.
  -45 illik fəaliyyətinizə nəzər salanda, özünüzü daha çox haralı hesab edirsiniz və "Hacıqabul" sizin həyatınızda nə ilə yadda qalıb?
 -Ömrümün 45 ilini mədəniyyət sahəsinə həsr etmişəm. Bu illərin 31 ilində, gənclik dövrümdən 65 yaşımadək Hacıqabul mədəniyyətinə bacardığım qədər vicdanla xidmət etmişəm. Bu müddətin 20 ilini Hacıqabul Uşaq Musiqi Məktəbinin direktoru, 11 ilini isə rayon Mədəniyyət Şöbəsinin, 2006-cı ildən isə Rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri vəzifəsində çalışmışam.
Azərbaycanın bütün bölgələri bizim üçün əzizdir və hər biri doğmadır. Ancaq mən 55 il Şirvanda yaşadığım üçün özümü şirvanlı, 31 il Hacıqabulda çalışdığım üçün isə hacıqabullu hesab edirəm.
(Kövrəlir.) Şirvan da, Hacıqabul da, bu iki yurdun insanları da mənim üçün həmişə doğma olub və bu gün də doğmadır. Şirvan mənə təhsil verdi, məni yetişdirdi. Hacıqabul isə mənə həyat məktəbi oldu. Məhz burada püxtələşdim, insanlarla səmimi münasibətlər qurdum, onların sevgisini qazandım.
İllər boyu malik olduğum imkanlar çərçivəsində nə etmişəmsə, Hacıqabulun mədəniyyətinin inkişafı və hacıqabullu insanların rifahı naminə etmişəm. Bu xidmətləri həyatımın ən dəyərli səhifələri hesab edirəm.
 -"Səhvsiz insan yoxdur"deyiblər. Sizin həyatınızda ən böyük səhviniz  nə olub?
 -Əlbəttə, səhvsiz insan yoxdur. İş olan yerdə həm uğur olur, həm də səhv. Əsas məsələ səhvdən nəticə çıxarmaq, uğurdan isə arxayınlaşmamaqdır. İnsan səhv edəndə peşman olur, uğur qazananda isə sevinir.
Ən böyük səhvimi səmimiyyətlə etiraf edirəm. Bu gün geriyə baxanda ən çox özümdən üzr istəyirəm. Çünki həyatımın ən dəyərli illərini mənə dəyər verməyən insanlar üçün sərf etmişəm. Onlara ürəkdən inanmış, əlimdən gələn köməyi əsirgəməmişəm. Təəssüf ki, işləri bitəndən sonra bəziləri istehza ilə soruşdular: "Sən bizim üçün nə etmisən?"
Təbii ki, bunu hamıya aid etmirəm. Həyatda qədirbilən insanlar da az olmayıb. Sadəcə, insanın ən çox incidiyi məqam yaxşılığının unudulması və əməyinin qiymətləndirilməməsidir.
Amma kin saxlamıram. Hər kəs etdiyi yaxşılığın da, haqsızlığın da qarşılığını gec-tez görür. Mən buna həmişə inanmışam. Allah heç kimin haqqını yerdə qoymur. İnşallah, hər kəs öz əməlinin bəhrəsini görər.
 -Uzun müddət çalışdığınız kollektivlə əlaqəniz varmı, rayonda keçirilən mədəni kütləvi tədbirlərə dəvət olunursuzmu?
 -Akif müəllim, siz məni yaxından tanıyırsınız və musiqi sahəsini yaxşı bilən insanlardansınız. Həyatım boyu çalışmışam ki, səmimi olum, heç kimin qəlbinə dəyməyim və gördüyüm işlərlə insanlara fayda verim. Fəaliyyət göstərdiyim illərdə həyata keçirdiyim işləri heç vaxt reklam etməyə və ya ön plana çıxarmağa çalışmamışam. Atalar demişkən, “Yaxşılıq et, at dənizə, balıq bilməsə də, Xaliq bilər.” Mən də həmişə bu prinsiplə yaşamışam.
Sualınıza tam səmimiyyətlə cavab verirəm: xeyr, keçmiş kollektiv üzvlərindən demək olar ki, mənimlə əlaqə saxlayan yoxdur. 2021-ci ildə təqaüdə çıxdıqdan sonra direktor vəzifəsini müvəqqəti icra edən müəllimə bir dəfə, Müəllimlər Günü münasibətilə keçirilən tədbirə məni dəvət etdi. Mən də böyük məmnuniyyətlə iştirak etdim. Lakin sonradan təyin olunan direktor tərəfindən bu günə qədər heç bir tədbirə dəvət almamışam. Buna görə kimdənsə incik deyiləm, hər kəsin öz seçimi və münasibəti var. Canları sağ olsun.
Yadıma bir ağsaqqalın dediyi hikmətli sözlər düşür. O mənə belə demişdi: “Oğlum, səhər işə gələndə ilk növbədə katibədən çay istəmə. Əvvəl oturduğun kresloya, qarşındakı masaya bax və özündən soruş: mən kim olmuşam, indi kiməm, məndən əvvəl bu kresloda kimlər oturub, məndən sonra kimlər oturacaq?” Bu sözlər insanı düşündürür və vəzifələrin, titulların müvəqqəti olduğunu xatırladır.
Düzünü desəm, kollektivin bəzi münasibətlərindən müəyyən qədər incikliyim qalıb. Çünki insan ömrünün ən məhsuldar illərini bir işə, bir kollektivə həsr edəndə, heç olmasa xoş bir salam, bir zəng və ya bir xatırlanmaq gözləyir. El arasında gözəl bir söz var: “Sən say ki, səni də saysınlar.” Mən də hesab edirəm ki, insanlara verilən dəyər və ehtiram heç vaxt unudulmamalıdır.
 -Rahib müəllim, qısa müsahibəmizin sonunda ürəyinizdən keçənləri və sizi  sevənlərə ürək sözlərinizi eşitmək istərdik. 
 - Akif müəllim, 2007-ci ildən etibarən demək olar ki, kollektivimizin ayrılmaz üzvü olmusunuz. Rayonumuzda keçirilən mədəni-kütləvi tədbirlərdə bir müğənni kimi daim fəal iştirak etmisiniz. Birgə fəaliyyətimiz dövründə rayon Mədəniyyət Evində "NUR" instrumental ansamblını, "İncilər" uşaq rəqs kollektivini və muğam üçlüyünü yaratdıq. Ansambla gözəl sənətkar, peşəkar qarmon ifaçısı Sabir Bağırov rəhbərlik edirdi. Rayonun müxtəlif tədbirlərində və televiziya efirlərində sizin də iştirakınızla yaddaqalan konsert proqramları təqdim etdik.
İllər keçdi, zaman dəyişdi, amma o gözəl xatirələr yaddaşımızdan heç vaxt silinmir. Doğrudan da, xatirələrin sonu olmur.
Akif müəllim sizə xüsusi təşəkkürümü bildirirəm ki, vaxt ayıraraq mənimlə həmsöhbət olub, müsahibə aldınız. Uzun illər ərzində gördüyüm işlərə obyektiv qiymət verdiniz və onları ictimaiyyətə çatdırdınız. İnsan üçün əməyinin unudulmaması və dəyərləndirilməsi ən böyük mənəvi mükafatdır.
El arasında gözəl bir deyim var: "Dəyər vermə dəyərsizə, sonda zərər dəyər sizə." Mən isə əlavə etmək istəyirəm ki, dəyər verən insanın özü də hər zaman dəyər qazanır.
 Məni sevənlərə isə demək istədiyim bundan ibarətdir ki, ürəyinizdə mərhəmət, dilinizdə xoş söz, ətrafınızdakı insanlara qarşı hörmət olsun. Heç vaxt yaxşılıq etməkdən çəkinməyin. Çünki insan bu dünyadan köçəndə arxasında qoyduğu ən qiymətli miras onun yaxşı əməlləri və insanların yaddaşında qalan xoş xatirəsidir.
Bu günə qədər mənə göstərilən diqqətə, hörmətə, sevgiyə görə hər birinizə təşəkkür edirəm. Allah hər birinizə can sağlığı, uzun ömür, ailə səadəti versin. Mənim ən böyük arzum isə bundan sonra da doğmalarımın, dostlarımın və məni sevən insanların sevgisini itirmədən, alnıaçıq və könül rahatlığı ilə yaşamaqdır.
Sizin sevginiz mənim üçün ən böyük dəyərdir. Var olun, sağ olun, yaxşı ki varsınız!

Sonda bizdə sizi  70 illik Yubileyiniz münasibətilə ürəkdən  təbrik edir və sizə uzun ömür,can sağlığı arzulayırıq.

Müəllif : Akif Cəfərov