Sumqayıt şəhər Heydər Əliyev Mərkəzinin əməkdaşları Şəhidin ailəsini ziyarət etdilər.
Gündəm / Sosial
16-03-2022, 14:23
Sumqayıt Regional Mədəniyyət İdarəsinə tabe olan Heydər Əliyev Mərkəzinin direktoru Vüsalə Qurbanova və kollektivi şəhid Müşfiq Abbas oğlu Bəktiyevin ailəsini ziyarət edib.
Görüş zamanı şəhidimizin keçdiyi şərəfli döyüş yolundan söhbət açılıb, şəhid anası oğlu ilə bağlı xatirələrini bölüşüb. Müşfiq Abbas oğlu Bəktiyev Vətən müharibəsində Cəbrayılın, Füzulinin və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib və Xocavənd rayonu istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhid olub.
Vüsalə Qurbanova şəhidimizin ailəsinə bildirmişdir ki, dövlətin diqqət və qayğısı hər zaman şəhid ailələri və qazilərimizin üzərindədir və belə də davam edəcək. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamına əsasən Müşfiq Bəktiyev ölümündən sonra "Vətən uğrunda", "Xocavəndin azad olunmasına görə”, "Cəbrayılın azad olunmasına görə” və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib.
Müəssisə əməkdaşları Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda şəhid olan qəhrəmanların xatirəsini daim əziz tutacaqlarını bildiriblər.
Allah rəhmət eləsin!
Müəllif: Ləman Fazilqızı
XeberEkspress.az



