Ötən il hər bir Azərbaycan sakini ərzaq məhsullarına ayda 168 manat xərcləyib

Gündəm / İqtisadiyyat
21-01-2020, 14:00
Ötən il hər bir Azərbaycan sakini ərzaq məhsullarına ayda 168 manat xərcləyib
 

2019-cu ildə pərakəndə ticarət şəbəkəsində satılan məhsulların dəyəri əvvəlki ilin səviyyəsini müqayisəli qiymətlərlə 3,6% üstələyərək 39,4 milyard manata bərabər olub.

Redaktor.az-ın Dövlət Statistika Komitəsinin yaydığı məlumata istinadən xəbər verir ki, ticarət dövriyyəsinin 20 mlrd. manatını ərzaq məhsulları, içkilər və tütün məmulatları, 19,4 mlrd. manatını qeyri-ərzaq məhsulları təşkil edib və satılan məhsulların dəyəri 2018-ci ilə nisbətən real ifadədə müvafiq olaraq 3,2% və 4% artıb.

Hesabat ilində alıcıların son istehlak məqsədilə aldıqları mallara xərclədiyi vəsaitin 45,8%-i ərzaq məhsullarının, 4,9%-i içkilər və tütün məmulatlarının, 17,5%-i toxuculuq məhsulları, geyim və ayaqqabıların, 6%-i elektrik malları və mebellərin, 5,9%-i avtomobil yanacağının, 1,3%-i əczaçılıq və tibbi malların, 0,9%-i kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 17,7%-i isə digər qeyri-ərzaq məhsullarının alınmasına sərf olunub.

2019-cu ildə istehlak məhsullarının dəyər ifadəsində 21%-i ticarət müəssisələri, 52%-i fərdi sahibkarlar tərəfindən, 27%-i isə bazar və yarmarkalarda satılıb. 2018-ci illə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə müəssisələr üzrə 29,5%, fərdi sahibkarlar üzrə 1,8% artıb, bazar və yarmarkalarda isə 7,6% azalıb.

Hesabat ilində əhalinin bir nəfərinə düşən orta aylıq pərakəndə ticarət dövriyyəsi 331,4 manat və ya 2018-ci ilin müvafiq göstəricisindən nominal ifadədə 16,6 manat çox olub. Ticarət şəbəkəsində bir ölkə sakini orta hesabla hər ay 168 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 163,4 manatlıq qeyri-ərzaq məhsulları alıb.