“Vaxtsız solan səhra çiçəkləri” – Aynur Əfəndi Zadə yazır…

Sosial
12-01-2022, 17:13 47
 
 

 

Qadın bəşər cəmiyyətinin ən zərif məxluqudur. Ataxaqanlığından çox öncə bəşər cəmiyyətinin ictimai-siyasi həyatında qadın liderlik edib. Qadının cəmiyyətdəki  hakimiyyətinin tarixi  Daş dövrünə dayanır. Tanrı kişini fiziki olaraq güclü yaratsa da, mənəvi gücü qadına verdi. Bu üzdən də, ailə başçısını itirmiş bir qadın övladı üçün həm ata, həm də ana ola bilir. Xanımını itirmiş bir kişi isə paralel olaraq övladı üçün həm də analıq funksiyasını yerine yetirə bilmir. Qadın-Anadır, qadın xanımdır, həyat yoldaşıdır, ailəni qurandır, evin ocağını yandırandır. Hər şeydən əvvəl qadın insandır. İnsan isə bəşər cəmiyyətində yaranmışların ən alisidir. Əxlaq insana xas olan keyfiyyətdir. Sadəcə qadına deyil! Cinsiyyətindən asılı olmayaraq bir insan əxlaqlı və ya əxlaqsız ola bilər. Əxlaqsızlığı cinsiyyətə görə mühakimə etmək cəmiyyətimizin ən böyük problemlərindəndir. Və cəmiyyətin düçar olduğu bəlaların başında gəlir. Sivil və mədəni cəmiyyət üçün bu qəbulolunmazdır. Əgər bir qadının əxlaqında problem varsa bu təktərəfli deyil. Ədaləti bərqərar etməyə çalışırıqsa həmin qadının birgə əxlaqsızlıq etdiyi  tərəf müqabilini də onunla eyni aqibət gözləməlidir.

Cəmiyyətimizdə orta əsrlərdən qalma, məntiqə sığmayan  gərəksiz adət-ənənələr, mental dəyərlər, stereotiplər sivil insanın yetişməsinə maneə olur. Bu haldan ən çox zərif cinsin nümayəndələri öz nəsibini alır. Son illərin statistikasına əsasən nə yazıq ki, cəmiyyətimizdə qadın obrazını əzilən, qüruru qırılan, xəyalları puç olan, həyatları əlindən alınan, təcavüzə uğrayan, xəyanətə məhkum olan, deyil qadın insan yerinə belə qoyulmayan qadınlar yaradır.

Bütün  bu  problemlərin  kökü  orta əsr müsəlman toplumuna dayanır. Bu  toplumda  qadın hər  zaman alçaldılan, yaxınları tərəfindən pula satılan, ali varlıq kimi qəbul edilməyən canlı olub. Müsəlman  toplumunda  qadına  verilən "dəyəri” anlamaq üçün Varisin  öz  həyatını  qələmə  aldığ  "Səhra Çiçəyi”  romanın oxumaq  kifayətdir. Əsərdə  ən  yaxınları  tərəfındən qadınlıq  hisləri, ruhu, arzuları əlindən alınan müsəlman qadınlarından bəhs edilir. Genlərimizə işləyən bu təfəkkür bu günkü günümüzdə də müsəlman, o cümlədən Azərbaycan qadının ən böyük düşmənidir.

Cahilliyin tüğyan etdiyi cəmiyyətdə  mənəvi  keyfiyyətləri yerində olan dəyərli qadınların taleyini dəyərsiz kişilərin vicdanına buraxmamalıyıq. Bunun üçün nə etməliyik? Bunun üçün gələcəyin kişisi və qadını olan uşağın tərbiyəsini doğru yönləndirmək gərəkdir. Xüsusilə qiz uşaqlarını  psixoloji  və mənəvi dözümlü, elmli,  öz ayaqları  üzərində  duran  fərd  kimi yetişdirmək lazımdır.Oğlan uşaqlarının tərbiyəsində isə "kişi”  prototipindən çəkinmək lazımdır. Övladlarımızı qadın və ya kişi kimi deyil, insan kimi yetişdirsək cəmiyyətimiz üçün daha faydalıdır. Cinsi ayrıseçkiliyi təbliğ etmək,  cəmiyyətdə kişinin qadından daha üstün statusa sahib olduğunu  uşaqların şüuraltına yerləşdirmək cəmiyyətin gələcəyi üçün təhdiddir. Əks təqdirdə iki övladının gözü qarşısında polis bölməsində silahla qətlə yetirilən XANIMLARIN, körpəsi ilə birgə 4-cü mərtəbədən atılan AYTƏNLƏRİN, qətlə yetirilərək bədən əzaları parçalara ayrılan NAHİDƏLƏRİN sayı hər ötən gün artacaq! Onlar qeyr- münbit  şəraitdə   vaxtsız solan  səhra  çiçəkləridir. Geriyə qalan gözüyaşlı analar və körpə yaşda faciəli şəkildə analarından qoparılan travmalı uşaqlar. Cahilliklə əxlaqsızlığın qarşıdurması bu gedişlə çox canlar  alacaq!

Müsəlman toplumunda cahillikdən irəli gələn  yazılmamış qanunlarının  kişiyə verdiyi dominantlıq qadını hər zaman əzib. Vaxtsız cəmiyyətimiz bu təfəkkürdən çıxıb  qadına  rol verməli hissələrinə. Duygularına, analığına  hörmətlə yanaşmalıdır. Çünki  qadını  güclü,  intellektli,  mübariz  olan toplum daha güclü toplumdur. Güclü toplumlar bir arya gələndə isə güclü dövlət  yaranır!

Müəllif: Aynur Əfəndi Zadə