İstefa verməyən Paşinyan – keşiş və havadarlarının ələ saldığı cəmiyyət - ANALİZ

Siyasət
11-06-2024, 15:48
 
İstefa verməyən Paşinyan –  keşiş və havadarlarının ələ saldığı cəmiyyət - ANALİZ

Keşiş Baqrat Qalstanyan "Vətən uğrunda Tavuş!” şüarı altında fəaliyyəti ilə Ermənistan cəmiyyətini ələ salır. Mayın 5-dən bir qrup insanı arxasınca salıb, ölkə boyu dolandırır. Əvvəlcə, Ermənistanın 30 il işğal altında saxladığı Azərbaycan kəndlərinin qaytarılması etiraz edirdisə, bir müddət sonra bəyan etdi ki, siyasi tələbi və hədəfi yoxdur, sadəcə hökumətin fəaliyyətinə qarşıdır.Aradan bir az keçəndən sonra baş nazir olmaq istəmədiyini bildirsə də, bu səhnəcik başa çatandan sonra öz namizədliyini irəli sürdü.

Bundan başqa hökumətin istefası tələbi ilə "ultimatumları” da sabit deyildi. O bildirirdi ki, baş nazir Nikol Paşinyana istefa üçün aylarla vaxt verməyəcək. Keşiş hökumət başçısına bu addımı atmaq üçün 7 saat vaxt da verdi. Ancaq həmin "ultimatumdan” 15 gün keçib.

Keşişlərin erməni icmalarını aldadaraq türklərə qarşı terrorlar törətməsi, yaxud türk dövlətlərinə qarşı fəaliyyət göstərmələrinə dair hadisələr yada düşür. Din adı altında erməniləri türklərə qarşı körükləyən kilsə hələ də köhnə üsulla fəaliyyət göstərir. Erməni kilsələri uzun illər, bəlkə indi də xaric ölkələrin casus yuvası kimi fəaliyyət göstərib.

Keşiş Baqrat sələflərinin bu yanlışlıqlarını təkrarlayaraq Ermənistan cəmiyyətini qeyr-müəyyən istiqamətə aparır. Ötən gün o vətəndaşları itaətsizliyə çağırıb. Ancaq nəticə yenə onun və patronlarının arzuladığı kimi olmayıb.
İstefa verməyən Paşinyan –  keşiş və havadarlarının ələ saldığı cəmiyyət - ANALİZ
İyunun 11-də yenə İrəvanın bəzi küçələri bağlanıb. Yürüş təşkilatçıları iyunun 12-nin daha vacib olacağını bildiriblər. Bir qrup aksiya iştirakçıları iyunun 11-də parlamentin binası qarşısında gecələyib. Ancaq onların arasında keşiş Qalstanyan olmayıb. O əraziyə yaxın binalardan birində kirayələnmiş evdə gecələyib.

Baqrat iyunun 11-də növbədənkənar iclasın keçiriləcəyini bildirib. İclasda baş naziri istefa verməyə, parlamenti isə özünü buraxmağa çağırıb. Keşişin bu məsələdə tərəfdarlarına yalan dediyi təsdiqlənib. Məlumata görə, bu gündən parlamentin dörd günlük növbəti iclası keçirilir. Məclisin gündəliyində 31 məsələ var. Onlardan 12-si ikinci, qalanı isə birinci oxunuşdadır.

Gündəliyə isə keşişin iddia etdiyi məsələlər deyil, "Kitabxana işi və kitabxana fəaliyyəti haqqında”, "Dövlət rüsumu haqqında” qanuna əlavə və dəyişikliklər edilməsi barədə qanun layihələri paketi, "Asiya İnfrastruktur İnvestisiya Bankı haqqında” Sazişin ratifikasiyası, "Ailə Məcəlləsinə” dəyişikliklər, "Energetika haqqında” qanuna əlavə və dəyişikliklər edilməsi haqqında və s. sənədlər çıxarılacaq.
İstefa verməyən Paşinyan –  keşiş və havadarlarının ələ saldığı cəmiyyət - ANALİZ
Parlamentin sədri Alen Simonyan isə iyunun 17-də parlamentin növbədənkənar sessiyasının çağırılması haqqında qərar imzalayıb. Həmin iclasda hökumətin istefası haqqına müxalifətin təqdim etdiyi layihəyə baxılacaq.

Etiraz aksiyası iştirakçıları bu məsələni tələblərinin qəbul olunması və Nikol Paşinyanın istefa verəcəyi kimi təqdim etməyə səy göstərirlər. Ermənistan KİV Qalstanyanın bundan sonra tərəfdarlarını daha 96 saat küçələrdə qalmağa çağıracaq.

Ancaq keşişin aksiyası Nikol Paşinyan hökumətinin fəaliyyətinə mənfi təsir göstərmir. Bu gün ABŞ-Ermənistan Strateji dialoqunun yekun toplantısı keçirilib. Hökumət təbi fəlakətin vurduğu ziyanın nəticələrinin aradan qaldırılması ilə də məşğuldur.

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O’Braynın iştirakı ilə ABŞ-Ermənistan Strateji Dialoqunun yekun iclasında deyib ki, Azərbaycanla regionda uzunmüddətli sülhü bərqərar edə biləcək sülh sazişinin imzalaması üçün real imkan var.
İstefa verməyən Paşinyan –  keşiş və havadarlarının ələ saldığı cəmiyyət - ANALİZ
O, həmçinin qeyd edib ki, Ermənistan ölkələrin suverenliyinə, səlahiyyətlərinə, bərabərlik və qarşılıqlılıq prinsiplərinə tam hörmət əsasında bütün regional kommunikasiyaların açılmasında maraqlıdır.

Hökumət proqram və layihələri həyata keçirməkdə, keşiş isə İrəvan küçələrində "Paşinyana istefa!” şüarını səsləndirməkdədir.

Polis aksiyaların keçirilməsinin təhlükəsizliyini təmin edir, asayişi pozanları isə ərazidən uzaqlaşdırıb sonra sərbəst buraxır.

İrəvanın Nor-Nork inzibati dairəsinin rəhbərləri Tiqran Ter-Marqaryan və Ermənistanın diplomatik missiyasının rəhbəri Vladimir Karapetyan Ukraynanın Buça şəhərinə səfər edib. Rusiya hücumunun ilk ayları zamanı bu şəhər böyük dağıntıya məruz qalıb və onun çoxlu sayda dinc sakini ölüb. Heyətin səfəri Rusiya Xarici İşlər Nazirliyinin etirazına səbəb olub və s.
İstefa verməyən Paşinyan –  keşiş və havadarlarının ələ saldığı cəmiyyət - ANALİZ
Hökumət keşişin, onun havadarlarının, arxasında duran keçmiş prezidentlərin, məmurların və dini lider II Qaregenin fəaliyyətinə, etiraz aksiyalarına səbirlə yanaşır. Halbuki Baqrat başda olmaqla bütün təşkilatçıların cinayət məsuliyyətinə cəlb edilmələri üçün dosyelər var. Görünür, hökumət keşişin arxasından boylanıb, etiraz notaları verənlərin də tam üzə çıxmasını gözləyir. Yaxud Baqrat bu "yürüşçüləri İrəvanın bütün küçələrində gəzdirdikdən sonra nə edəcək” məsələsinin sonunu təmkinlə gözləməyə üstünlük verirlər.

Başqa sözlə, Ermənistanda Nikol Paşinyan komandası ilə keşişin və onun dəstəsi arasında əsəblərin davamı mübarizəsi gedir. Bu aksiya ilə Paşinyanın istefasına nail olacaqlar? Belə ehtimal etmək olar ki, bu qüvvə və təkliflərlə hökumət istefa verməyəcək. Keşişin mövqeyini gücləndirmək üçün əlavə dəstəyə ehtiyac olacaq. Çünki Qalstanyanın arxasınca gedənlərin az qala hamısını Ermənistanın hüquq-mühafizə orqanları tanıyır. Onların səbri uzun müddət tab gətirməyə bilər. Bir də insanlar heç bir maliyyə dəstəyi olmadan (hər halda keşişin tərəfdarları belə deyir) küçələrdə nə qədər aksiya adı altında gəzəcək? Əlavə yardım olmazsa bir müddət sonra onlar da yorulacaq. Yürüşçülər keşişdən bezib dağılışacaq. Kilsə, keşiş və himayədarlarının 200 illik metodu artıq nəticə vermir.(Report)