COP29: İqlim diplomatiyasında Azərbaycanın zəfəri

Gündəm / Sosial
27-11-2024, 14:16
 
 


Elnarə Akimova
YAP İdarə Heyətinin üzvü,
Milli Məclisin deputatı, filologiya elmləri doktoru

Azərbaycan hər zaman əməkdaşlığa əhəmiyyət verməsi ilə seçilən ölkə olub. Onun üçün zəminində qarşılıqlı hörmət dayanan hər cür fəaliyyət qəbulolunan sayılıb. Mahiyyətində qələbə, zəfər, sülh anlayışlarının ehtiva olunduğu hər proses Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev üçün sevərək qoşuldığı və icra etdiyi işlərdir. Çünki o, nəinki ölkəsinin, bütün dünyanın yaxşılığını düşünən və qayğısına qalan liderlər sırasında qərar tutan böyük siyasətçidir!

COP 29 bizə, Azərbaycana olan böyük etimadın göstəricisi idi. İlk növbədə, elə bundan başlamaq lazımdır. Necə oldu ki, Azərbaycana COP29 kimi mötəbər, qlobal bir tədbirə ev sahibliyi etmək həvalə olundu?! Cavab əlbəttə ki, sadə və aydındır. Düşünülmüş siyasət və strategiya, düzgün taktika və diplomatiyamızın bir sıra digər aspektləri! 2011-ci ildə BMT Təhlükəsizlik Şurasının üzvü, 2012-2013-cü illərdə həmin təşkilatın sədri funksiyasını yerinə yetirən, 2019-cu ildə Qoşulmama Hərəkatına sədr seçilən və 2022-ci ildə sədrliyi daha bir il uzadılan Azərbaycana göstərilən etimad onun inkişaf etmiş ölkələr qrupuna doğru sürətli irəliləyişinin labüd elementləri, qlobal nüfuzunun mühüm komponentidir. 

Azərbaycan COP29-un - bu böyük tədbirin öhdəsindən gəlmək üçün uğurlu addımlar atdı. "Təmiz ətraf mühit və yaşıl artım” üzrə sosial-iqtisadi prioriteti uğurla reallaşdırdı. Qlobal iqlim fəaliyyətinə dəstək vermək əzmi Azərbaycanın mənəvi simasını uğurla xarakterizə edən bir məqam idi. Dünyanın xilası, bəşəriyyətin nicatı, sağlam dünya, kainatla bağlı düşüncələr yönündə çalışmalar varkən, ölkəmiz bir də Qərbin qarayaxma kampaniyaları ilə üzləşdi. Gözlənilən idi. Beynəlxalq ictimaiyyətin ölkəmizə olan inamı rahat həzm edilə bilməzdi. Azırbaycan sübut etdi ki, o, eyni anda heç nəyə məhəl qoymadan öz yolu ilə irəliləyə, qarşısındakı böyük məqsədə doğru hədəflənə bilər. Məgər 44 günlük haqq savaşımızda belə olmadımı? Hər tərəfdən edilən hücumlara rəğmən qarşındakı məqsəddən dönməmək əzmi! Bu mənada, COP29 həm də bizim hekayəmizin davamıdır. Bu iqlim konfransı ölkəmizin birmənalı şəkildə planetar səviyyədə nigaranlığını sərgiləyən platforma oldu. Azərbaycanın lokal olaraq iqlim problemləri mövcud idi. Məsələn, biz hər il çaylarımızda suyun səviyyəsinin azaldığını, Xəzər dənizinin səviyyəsinin aşağı düşdüyünü görürük. Azərbaycan su qıtlığı problemi ilə də üzləşir. Amma ölkəmiz lokal göstəricilərimizdən də qlobal problemlərin həllinə yardımçı olmaq üçün yararlanmağı təklif etdi. COP29-a hazırlığın ilkin mərhələlərində davamlı şəkildə bildirilirdi ki, zəngin külək və günəş enerjisi potensialımız bizə bərpa olunan enerji gündəliyini inkişaf etdirməyə imkan verir. "Yaşıl enerji” zonaları elan edilmiş işğaldan azad olunmuş Qarabağ və Şərqi Zəngəzur kifayət qədər bərpa olunan enerji mənbələrinə malikdir. Azərbaycan, həmçinin neft və qaz hasilatından əldə etdiyi gəlirləri yaşıl enerjiyə yatırır. Bu, açıq şəkildə göstərir ki, qazıntı enerji növləri ilə zəngin olmağımız yaşıl gündəliyi təşviq etmək istiqamətində addımlarımıza mane olmur. Yaxud, qlobal istixana qazı emissiyalarında payının cəmi 0,1 faiz təşkil etdiyi Azərbaycan nümunəvi ölkə kimi daha kiçik emissiya payına sahib dövlətlərin iqlim dəyişmələri ilə mübarizəyə əhəmiyyətli töhfələr verə biləcəyini nümayiş etdirir.  

Bütün bu müddət ərzində - COP29-a hazırlığın son mərhələsinə  qədər prezident dövlət başçılarını bəşəriyyət naminə konstruktiv şəkildə və xoş məramla əməkdaşlıq etməyə çağırdı. Bildirdi ki, "dövlətlərin ümumi, lakin fərqli öhdəlikləri olsa da, onlar fikir ayrılıqlarını bir kənara qoymalı, bir-birini günahlandırmağı dayandırmalı və ortaq məxrəcə gəlməlidirlər. Qlobal istiləşmədə kimin günahkar olduğunu və ya kimin ətraf mühitə daha çox zərər vurduğunu müəyyənləşdirmək üçün vaxt itirməyə haqqımız yoxdur”.

Bəli, ölkə başçısının da dəfələrlə vurğuladığı kimi, Bakı COP-u multilateralizm üçün həlledici sınaq oldu. Amma bu sınaq daha çox Azərbaycanın özünə gərək oldu. Bütün mənfi təsirləri adlamaq, Azərbaycanın imicini ləkələmək məqsədi daşıyan qarayaxma kampaniyasına baş qoşmadan irəliləmək, iqlim dəyişmələrinin mənfi təsirləri ilə mübarizə aparmaq üçün nəcib missiyadan vaz keçməmək, daha da güclənən Azərbacan olaraq özünü tarix və bəşəriyyət qarşısında yenidən sübut etmək üçün COP29 mənəvi varlığımızda önəmli bir missiya daşıyıcısına çevrildi.

COP29 öncəsi çıxışında İlham Əliyev bildirdi ki, "Mən yaşıl dünya naminə həmrəylik ruhunda birgə fəaliyyət göstərmək üçün noyabrın 12-dən 13-dək Bakıda keçiriləcək Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammitində dövlət və hökumət başçılarını salamlamağa şad olaram”.

Noyabrın 12-də Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Liderlər Sammitinin açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin çıxışı sübut etdi ki, missiya tamamlanıb. 196 ölkədən 72 min insan, 80 dövlət başçısı - prezident, vitse-prezident, baş nazir olmaqla bütün dünyanın diqqəti Bakıya, COP29-a yönəldi və ölkə başçısı Bakıdan bütün yer kürəsini salamladı: "Beləliklə, dünya Bakıya toplaşıb və biz bütün dünyaya deyirik: Azərbaycana xoş gəlmisiniz"!

Hər zamankı kimi minnətdarlıq etməyi unutmadan! Amma bu minnətdarlıq həm də öz qüdrətilə öyünmə jesti, "var millətimin imzası imzalar içində” qürurunun yaşatdığı məmnunluq duyğusu idi: "Biz bu qərarı ölkəmizə olan hörmətin əlaməti, beynəlxalq arenada oynadığımız fəal rolun dəyərləndirilməsi kimi görürük". 

Amma fərqimiz yalnız bunda deyil. İlham Əliyev qələbədən qələbəyə artan, böyüyən Azərbayanın gücü kimi deyil, həm də bütün bəşəriyyətin xilasını istəyən sülh, nicat çarcısı kimi adlayır, ölkəni təmsil etməyin yollarını və səviyyələrini lazımınca qoruyur, hifz edir: "Azərbaycan Şimal ilə Cənub, Qərb ilə Şərqin qovuşduğu ölkədir və bu, təkcə coğrafiya ilə bağlı deyil. Biz müxtəlif beynəlxalq iştirakçılar arasında siyasi, mədəni, enerji, ticari və nəqliyyat körpülərini sala bilərik. Azərbaycanın başladığı meqalayihələr artıq Avrasiyanın enerji və daşımalar yollarını dəyişib və məhsuldar, çoxtərəfli əməkdaşlıq formatının qurulması ilə nəticələnib...”. 

Bəli, qurmaq, yaratmaq, sülhə, harmoniyaya çağırış türkün fitrətində var. Məgər Andranik Zəngəzurda kütləvi qırğınlar törədəndə Hüseyn Cavid "Turana qılıncdan daha kəskin, ulu qüvvət / Yalnız mədəniyyət, mədəniyyət, mədəniyyət...” deyərək dünyanın təhlükəsizliyi üçün yollar arayır və bunu mədəniyyətdə tapmırdımı? İndi də dörd bir yanda müharibə ocaqlarının alovlandırıldığı bir zamanda "qoca Şərqin qapısı” dünyaya açılıb bəşəriyyətə yaşıl dünya naminə həmrəy olmağın nümunəsini göstərdi: "Bir sözlə, mesajım belədir. COP29-un sədri kimi, əlbəttə, biz yaşıl keçidin güclü carçısı olacağıq və bunu edirik"...

COP29-un uğurlu nəticələri bugünün reallığında və sabahın aydınlığında daha parlaq çalarlarla görünəcək. Bu mötəbər proseslərin nəticəsində COP29-da İtki və Zərər Fondu tam işlək vəziyyətə gətirildi. Karbon bazarına dair çoxdan gözlənilən 6-cı maddənin tam işlək vəziyyətə gətirilməsinə nail olundu. Ən əsası, Bakı COP 2035-ci ilə qədər inkişaf etməkdə olan ölkələrə 300 milyard ABŞ dolları təmin etmək üçün qarşıya yeni qlobal məqsəd qoyan Yeni Kollektiv Kəmiyyət Məqsədinin (NCQG) şahidi oldu. Bu razılaşma inkişaf etməkdə olan ölkələrə iqlim dəyişmələrinin fəsadları ilə mübarizədə kömək edəcək. Azərbaycanın COP29 Sədrliyi inkişaf etməkdə olan ölkələrə hər il 1,3 trilyon ABŞ dolları həcmində iqlim maliyyəsini təmin etmək üçün yeni öhdəlik olan Bakı Maliyyə Məqsədi (Baku Finance Goal) razılaşmasını elan etdi.  Bu mənada Prezidentin qeyd etdiyi kimi, COP29 iqlim diplomatiyasında dönüş nöqtəsi oldu. COP29 Sədrliyi maliyyə, investisiya və ticarətin iqlim gündəliyinin mərkəzində qalmasını təmin etmək üçün BMT qurumlarını, beynəlxalq təşkilatları, çoxtərəfli inkişaf banklarını, çoxtərəfli iqlim fondlarını, özəl sektoru, vətəndaş cəmiyyətini, əsas koalisiyaları və digər maraqlı tərəfləri, həmçinin COP Sədrlikləri və Tərəfləri bir araya gətirdi. Kiçik və orta sahibkarlığın yaşıl keçidi üzrə yeni Bakı İqlim Koalisiyasını elan etdi: "Qarşıdakı illər asan olmayacaq. Elm göstərir ki, çətinliklər daha da artacaq. Birgə işləmək bacarığımız sınanacaq. "Bakı irəliləyişi” bizə qarşıdan gələn fırtınaların qarşısını almağa kömək edəcək. Bakı Maliyyə Məqsədinin uğurlu razılığı COP29 Sədrliyinin təmin etdiyi nailiyyətlərin bir hissəsidir”.

Bir də 300 milyard dollarlıq maliyyə qərarı!  "Burada Azərbaycanın üzərinə düşən missiya bu cür kəskin qlobal qütbləşməyə baxmayaraq, müzakirələrin axarını ortaq mövqeyə doğru yönləndirə bilmək və məntiqi sonluğa gətirib çatdırmaq idi. Belə bir mürəkkəb maraqlar labirintinin içindən ildə 300 milyard dollarlıq maliyyə qərarı ilə çıxmaq iqlim diplomatiyasının ən üst səviyyəsi sayılmalıdır”.

Bu qərarın hasilə gəlməsinə ancaq beynəlxalq arenada uğurlu diplomatiya sərgiləyərək, güclü səriştə və əzm meydana qoyaraq müvəffəq olmaq mümkün idi ki, Azərbaycan bunu bacardı! Bu, iqlim diplomatiyasında Azərbaycanın zəfəridir.