Bu avtomobillərdən dövlət rüsumu tutulacaq

Gündəm / Sosial
24-01-2023, 11:54
Bu avtomobillərdən dövlət rüsumu tutulacaq

Azərbaycanda iriqabaritli və ağırçəkili nəqliyyat vasitəsinin ümumi istifadədə olan avtomobil yolları ilə hərəkət etməsinə icazənin verilməsinə görə "Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq dövlət rüsumu tutulacaq.

Bununla bağlı Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında "Avtomobil nəqliyyatı haqqında” qanuna dəyişikliklər müzakirəyə çıxarılıb. 

Dəyişikliyə əsasən, iriqabaritli və ağırçəkili nəqliyyat vasitəsinin bu Qanunun 48.1-1.1-ci və 48.1-1.2-ci maddələrinə uyğun olaraq müvafiq avtonəqliyyat vasitələri ilə müşayiət olunmasına, həmçinin bu Qanunun 48.2-ci maddəsində nəzərdə tutulmuş qayda ilə müəyyən edilən hallarda hərəkət marşrutunun müəyyən olunmasına görə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş məbləğdə xidmət haqqı tutulur. 

Ümumi istifadədə olan avtomobil yolları ilə iriqabaritli və ağırçəkili nəqliyyat vasitələrinin hərəkət etməsinə icazənin verilməsi üçün ərizəçi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) elektron qaydada müraciət edir. Ərizəçinin müraciətinə "Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq baxılır.