Xalqımız Anım Gününü həmrəyliklə qeyd edir

Gündəm / Sosial
28-09-2022, 14:02
 

Xalqımız Anım Gününü həmrəyliklə qeyd edir

2020-ci ilin sentyabrın 27-dən başlayaraq Azərbaycan Ordusunun həyata keçirdiyi əks hücum əməliyyatları zamanı doğma torpaq, Vətən uğrunda canını fəda edərək şəhidlik zirvəsinə yüksələnlər həm də öz adını xalqın tarixi yaddaşına həkk etdilər. Onlar Vətən, dövlət və xalq qarşısında öz borcunu sonadək ödəyib qəhrəmanlıq nümunəsi yaratdılar, milyonlarla insanın sevgisini, rəğbətini qazandılar. Vətən müharibəsi insanların illər boyu vərdiş etdikləri həyat fəlsəfəsini dəyişdi, yeni bir təfəkkür hadisəsini - qalibiyyət fəlsəfəsini doğurdu, ordu və bayraq sevgisini həmişəlik könüllərə və zehinlərə yerləşdirdi, hər kəsə yeni həyat gücü və enerjisi bəxş etdi.

44 günün hər biri şərəf və ləyaqət günü oldu. Vətən müharibəsi xalqımızın bütün mənsublarını istər ölkədə, istərsə də onun hüdudlarından kənarda bir yumruq kimi səfərbər edib birləşdirdi. Vətən müharibəsində parlaq qələbəmiz tarixən xalqımıza xas olan ədalətə inamı artırdı, ədaləti özümüz bərpa və bərqərar etdik. Uzun illərdən sonra ilahi ədalətin, hüququn aliliyinin, insanların təməl haqlarının təmin edilməsi birlik və vəhdətin sarsılmaz gücünü göstərməklə yanaşı, milli birlik hisslərinin gücünü ortaya qoymuş oldu.

Vətən müharibəsi tarixi yaddaşımızı oyatmaqla yanaşı, eyni zamanda, yaxın və uzaq gələcəkdə də bu yaddaşı oyaq və sərvaxt tutmağı, heç bir kiçik təfərrüatı belə qətiyyən unutmamağı zəruri edir. Çünki düşmən adi, sıradan bir düşmən deyildir, olduqca zalım, qansız, vicdansız, bir sözlə, bütün insani keyfiyyətlərdən uzaq "vəhşi qəbilədir".

27 sentyabrdan başlanan Vətən müharibəsi və nəticədə əldə edilən qələbə həm də Azərbaycan Ordusunun, əsgər və zabitlərimizin şücaəti, qorxmazlığı, peşəkarlığı, böyük Vətən sevgisi hesabına əldə olundu. 30 ildir xalqımızın həsrətində olduğu torpaqlara, hər bir şəhərə, qəsəbəyə, kəndə milli bayrağımızı sancmaq hər bir əsgər və zabitimizin ən böyük arzusu oldu. Hərbçilərimiz bu yolda canlarını belə əsirgəmədilər, əsl qəhrəmanlıq nümayiş etdirdilər.

Şübhəsiz ordumuzun Vətən müharibəsində qazandığı şanlı qələbənin əsasında əsgər və zabitlərimizin qəhrəmanlığı və vətənpərvərliyi dayanır. Dövlətimizin başçısı bunu dəfələrlə vurğulayıb və çıxışlarının birində belə deyib: "Bu, yeni nəsil müharibə üsuludur, hansı ki, planlaşdırma, texniki təchizat, texnologiyaların tətbiqi, əməliyyatların düzgün planlaşdırılması və həyata keçirilməsi, hərbçilərimizin döyüş qabiliyyəti və mənəvi ruh birləşir, vəhdət təşkil edir. Ancaq mən bunu artıq bir neçə dəfə demişəm, bu qələbəni qazanan bizim texniki vasitələr yox, əsgər və zabitlərimizdir. Onlar torpağımızı düşməndən qarış-qarış azad edə-edə bu Qələbəni, bu Zəfəri xalqımıza nəsib etdilər. Ona görə bu qələbənin birinci qəhrəmanı Azərbaycan əsgəridir, Azərbaycan zabitidir və hər kəs bunu bilməlidir”.

Həmçinin, İkinci Qarabağ müharibəsi dünya azərbaycanlılarının birliyinin sarsılmazlığını, xalqımızın Vətən torpaqlarının azad edilməsi naminə "Dəmir yumruq” kimi birləşdiyini nümayiş etdirdi.
Dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılar, habelə Azərbaycanın haqq işinə dəstək verən digər xalqların nümayəndələri erməni lobbisinin apardığı çirkin kampaniyalara qarşı fədakarlıqla fəaliyyət göstərirdilər. Müharibənin gedişində xalq-dövlət-ordu birliyi daha da möhkəmləndi.

Bu gün Azərbaycan bu zəfəri bizə yaşadan Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında öz şərəfli missiyasını uğurla davam etdirir. Məhz bu uğurlu siyasət nəticəsində Azərbaycan Ordusu dünyanın ən güclü orduları sırasındadır. Ordumuzun müasir texnika ilə təchizatı, müntəzəm olaraq keçirilmiş təlimlər, ordumuzun döyüş potensialının gücləndirilməsi, hərbi sənayenin yaradılması bütün bunlar məqsədyönlü şəkildə aparılan siyasətin tərkib hissəsidir.

Bu gün Azərbaycan xalqı, dövlətimiz, mübariz oğul və qızlarının şücaətini yüksək qiymətləndirir, bütün şəhidlərimizin ruhuna ehtiram göstərir, xatirəsini uca tutur. Çünki, Şəhidlərimiz bizim azadlıq, müstəqillik, qəhrəmanlıq simvolumuzdur.

Vüqar Məmmədov
YAP Saatlı rayon təşkialtı 15 saylı ərazi partiya təşkilatının sədri