Azərbaycan regional kommunikasiya layihələrinin işə düşməsinə töhfələr verib - MÜNASİBƏT

Gündəm / Sosial
20-09-2022, 13:34
 

Ramilə Seyidova
YAP Siyəzən rayon təşkilatının sədr müavini 

Sentyabrın 15-i və 16-da Şanxay Əməkdaşlıq Təşkilatının dövlət başçılarının Zirvə görüşü keçirilib. Sammitdə təşkilatın 2023-2027-ci illər üçün planı, "Bir kəmər, bir yol” layihəsi də müzakirə olunub.
Nəzərə çatdıraq ki, Şanxay Əməkdaşlıq Təşkilatı 2001-ci ildə Qazaxıstan, Çin, Qırğızıstan, Rusiya, Özbəkistan və Tacikistan tərəfindən Şanxayda təsis olunub. Təşkilatın əsas məqsədləri üzv dövlətlər arasında qarşılıqlı etimad və qonşuluq münasibətlərinin gücləndirilməsi; siyasət, ticarət və iqtisadiyyat, elm və texnologiya, mədəniyyət, o cümlədən təhsil, enerji, nəqliyyat, turizm, ətraf mühitin qorunması və digər sahələrdə effektiv əməkdaşlığın inkişaf etdirilməsi, regionda sülh, təhlükəsizlik və sabitliyin əldə edilməsi üçün birgə səylərin göstərilməsi, yeni siyasi və iqtisadi beynəlxalq düzənin yaradılması üçün addımların atılmasından ibarətdir.

Məhz Azərbaycan Prezidenti İlham Əliyev Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin dəvəti ilə Şanxay Əməkdaşlıq Təşkilatının dövlət başçılarının Zirvə görüşündə iştirak etmək üçün sentyabrın 15-də Səmərqəndə səfərə gedib. Sentyabrın 15-də Səmərqənddə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev ilə görüşü olub. Prezident İlham Əliyevin həmçinin Türkiyə Prezidenti R.T.Ərdoğan və Rusiya lideri V.Putinlə, Pakistan baş naziri ilə də görüşləri keçirilib. Bu görüşlərdə, şübhəsiz ki, Qarabağ məsələsi də müzakirə olunub.

Ən əvvəl onu qeyd etmək yerinə düşər ki, Azərbaycan gənc müstəqil dövlət olmasına baxmayaraq, özünü bütün dünyada mötəbər beynəlxalq qurumlara uğurla rəhbərlik edən ölkə, qlobal səviyyəli məsələlərin müzakirə olunduğu mühüm platforma kimi sübut edib. 2011-ci ildə dünyanın 155 dövlətinin dəstəyini alaraq BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilən Azərbaycan hazırda BMT-dən sonra dünyada ən böyük təşkilat olan Qoşulmama Hərəkatının sədridir. Azərbaycanın bu təşkilata sədrlik müddətinin daha bir il uzadılması ölkəmizin Qoşulmama Hərəkatına uğurlu sədrliyi ilə yanaşı, Azərbaycan Prezidentinin dünyada böyük hörmət və nüfuz sahibi olmasının da göstəricisidir.

Səmərqənddə Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Sammitində çıxış edən Prezident İlham Əliyev Azərbaycanın tranzit və nəqliyyat-logistika imkanları barədə ətraflı məlumat verərək dedi ki, ölkəmiz "Şərq-Qərb" və "Şimal-Cənub" nəqliyyat dəhlizləri kimi regional kommunikasiya layihələrinin işə düşməsinə sanballı töhfələr verib.

Hazırda Bakı Beynəlxalq Dəniz Ticarət Limanı ildə 15 milyon ton yükaşırma qabiliyyətinə malikdir və bu, ildə 25 milyon tona qədər artırıla bilər. Bu ilin ilk 7 ayında Azərbaycan ərazisindən keçən tranzit 50 faizə yaxın artıb.

Azərbaycan 52 gəmi ilə Xəzər dənizində ən böyük mülki yük donanmasına malikdir. Bakı gəmiqayırma zavodu bütün növ gəmilər istehsal edə bilir. Prezident İlham Əliyev diqqətə çatdırdı ki, son 20 ildə Azərbaycanda 19 min kilometr avtomobil yolu, 1400 kilometr dəmir yolu tikilib və ya əsaslı təmir edilib.

Bu gün Azərbaycan 2020-ci il İkinci Qarabağ müharibəsindəki qələbədən sonra işğaldan azad edilmiş ərazilərdə minlərlə kilometr avtomobil yolu və yüzlərlə kilometr dəmir yolu çəkir. Azərbaycan 18 təyyarə ilə regionumuzda ən böyük mülki hava yük donanmalarından birinə malikdir. 2024-cü ilin sonuna qədər ölkədə beynəlxalq hava limanlarının ümumi sayı bugünkü 7-dən 9-a çatdırılacaq.

2020-ci ilin sonunda Qarabağ münaqişəsinin həlli də regionumuzda nəqliyyat-kommunikasiya layihələrinin inkişafı üçün yeni imkanlar yaradıb. Zəngəzur dəhlizi açıldıqdan sonra bu, region ölkələrinin nəqliyyat imkanlarını daha da artıracaq və marşrut boyu yerləşən bütün ölkələr üçün faydalı olacaq.
Bu dəhlizin açılması 10 noyabr üçtərəfli Bəyanatında da öz əksini tapıb. Azərbaycan dəhlizin açılması üçün avtomobil və dəmir yolu layihələrinin icrasını, demək olar ki, yekunlaşdırmaq üzrədir. Lakin Ermənistan bu məsələdə də üzərinə düşən öhdəlikdən boyun qaçırmaqla yenə də öz məkrli oyunlarını oynamaqda davam edir. İlham Əliyev qətiyyətlə vurğulayıb ki, Ermənistan istəsə də, istəməsə də bu dəhliz açılacaq. İlk növbədə isə tərəflər arasında sülh sazişi imzalanmalıdır. Əgər saziş imzalanarsa, dəhlizin təhlükəsizliyinin təminatı da reallaşa bilər.

Prezident bir daha vurğulayıb ki, Azərbaycan İkinci Qarabağ müharibəsindən sonra imzalanmış üçtərəfli sənədlərə sadiqdir və ölkəmiz Qafqazda vəziyyətin sabit olması üçün nə lazımdırsa edəcək.
Beləliklə, Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatı kimi mötəbər qurumun sammitində iştirakı dünyada qətiyyətli və uzaqgörən lider kimi böyük nüfuz qazanmış Prezident İlham Əliyev şəxsiyyətinə dərin hörmət və ehtiramın göstəricisidir. Azərbaycanın bu tədbirdə iştirakı, eyni zamanda, ölkəmizin Şərq ilə Qərb arasında bütün sahələrdə mühüm körpü rolunu oynamasının əyani təsdiqi sayıla bilər