Azərbaycanın Almaniyadakı səfirliyi ilə bağlı DTX-yə müraciət edilib

Gündəm / İqtisadiyyat
13-09-2022, 17:56
Azərbaycanın Almaniyadakı səfirliyi ilə bağlı DTX-yə müraciət edilib

2022-ci ilin birinci yarısında Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidmətinin (Xidmət) mərkəzi aparatı və onun regional maliyyə müfəttişlikləri tərəfindən 52 təşkilatda (nəzarət obyektləri) aparılan yoxlamalarla ümumilikdə 99.910,5 min manat məbləğində artıq və əsassız ödənişlər aşkar olunub.

Bu barədə Maliyyə Nazirliyindən daxil olan məlumatda bildirilir. Qeyd olunur ki, həmin məbləğin 33.502,5 min manatlıq hissəsinin yoxlamaların gedişində və yoxlamalardan sonrakı dövrdə təqsirkar şəxslər tərəfindən dövlət büdcəsinə nağd qaydada ödənilərək bərpası təmin edilib.

Xidmətin mərkəzi aparatı və onun regional maliyyə müfəttişlikləri tərəfindən 2022-ci il üçün təsdiq olunan iş planına əsasən 2022-ci ilin birinci yarısında 14 təşkilatda aparılmış yoxlamalarla aşkar olunan 2919,4 min manat məbləğində artıq və əsassız ödənişlərin 108,0 min manat hissəsinin yoxlamaların gedişində və yoxlamalardan sonrakı dövrdə təqsirkar şəxslər tərəfindən dövlət büdcəsinə ödənilərək bərpası təmin edilən, həmin nəzarət obyektlərindən 2 təşkilat üzrə aşkar olunan 2811.4 min manat məbləğində nöqsanlara hüquqi qiymət verilməsi üçün yoxlama materialları Dövlət Təhlükəsizliyi Xidmətinə göndərilib.

Bununla yanaşı, Xidmət tərəfindən dövlət orqanlarına daxil olan vətəndaş müraciətlərinə əsasən 3 təşkilatda müraciətdə göstərilənlər yoxlanılıb, cəmi 64,4 min manat məbləğində artıq və əsassız ödənişlərə yol verildiyi aşkar olunmuş və yoxlamalarla aşkar edilmiş nöqsanlara hüquqi qiymət verilməsi üçün yoxlamaların nəticələri üzrə tərtib edilmiş sənədlər Baş Prokurorluğa göndərilib.

"Azərbaycanın Almaniya Federativ Respublikasındakı Səfirliyinin 30 dekabr 2014-cü il tarixdən 01 oktyabr 2021-ci il tarixə kimi olan dövrdə maliyyə-təsərrüfat fəaliyyətinin təftişi zamanı bank çıxarışlarındakı məlumatların dəyişdirilərək saxtalaşdırılması, bank hesablarında olan vəsaitlərin, o cümlədən konsulluq əməliyyatları üzrə dövlət rüsumlarının təyinatından başqa hesablara köçürülməsi yolu ilə mənimsənilməsi halları müəyyənləşib. Aşkar edilmiş maliyyə pozuntularının ciddiliyi nəzərə alınaraq təqsirkar vəzifəli şəxslər barəsində müvafiq tədbirlər görülməsi məqsədilə yoxlama  materialı  Dövlət Təhlükəsizliyi Xidmətinə təqdim edilib”, - məlumatda qeyd olunub.