Sumqayıt teatrı yeni mövsümün virtual repertuarını müzakirə edib:
Gündəm / Mədəniyyət
5-09-2020, 10:50
Sumqayıt Dövlət Dram Teatrında COVİD-19 səbəbi ilə uzun müddət onlayn fəaliyyət göstərmiş rəhbər heyətin və inzibati işçilərin toplantısı keçirildi.
Teatrın mətbuat xidməti xəbər verir ki, Direktor, Əməkdar artist Mübariz Həmidov kollektivi salamladı, dünyanı bürümüş koronavirus pandemiyası ilə bağlı Azərbaycan dövlətinin səmərəli və operativ mübarizəsindən danışdı.
Bu müddət ərzində müvafiq şöbə əməkdaşlarının virtual repertuar siyasətinin qurulmasında mükəmməl xidmətlərini vurğuladı, onlayn məşqlərin davam etdiyini və bundan sonra da Nazirlər Kabineti yanında Operativ Qərargahın qərar və tövsiyyələrinə uyğun davam edəcəyini söylədi. Teatrın direktoru qeyd etdi ki, onlayn formada olsa da, məşqlərimiz, yaradıcılıq müzakirələrimiz davam edəcək. Müşavirədə o da bildirildi ki, zərurət yarandığı halda müəyyən işçilərin fəaliyyəti yalnız göstərilmiş qaydalara əməl etmək şərtilə mümkün olacaqdır.
Daha sonra Sumqayıt Dövlət Dram Teatrının 52-ci teatr mövsümünün açılışı və eyni zamanda cari ayda nümayiş olunacaq virtual repertuar planı haqda müzakirələr aparıldı.
Sonda teatrın direktoru Mübariz Həmidov kollektivə hər zaman virusla mübarizədə ehtiyatlı, tədbirli davranmağı, sosial məsafəni gözləməyi, tibbi maska və digər ləvazimatdan istifadə etməyi tövsiyyə etdi.
Müəllif: Ruhiyyə Eldarqızı
XeberEkspress.az