Hökumətin inflyasiya proqnozu: Özünü necə doğruldacaq? - TƏHLİL

Gündəm / İqtisadiyyat
11-02-2020, 09:32

Hökumətin inflyasiya proqnozu: Özünü necə doğruldacaq? - TƏHLİL

 

"Ötən il orta aylıq pensiya 15 faiz, sosial müavinətlər isə 2 dəfə artıb. İnflyasiya isə 2,6 faiz olub. Bu, birbaşa göstərir ki, əhalinin gəlirlərin inflyasiyadan 6 dəfə çoxdur”.

Bunu keçirilən mətbuat konfransında əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib. Nazir bildirib ki, hökumət bu il də ciddi inflyasiya gözləmir:

"Hökumətin nəzərə aldığı inflyasiyanı çərçivədə saxlamaq üçün tədbirlər görüləcək. Təbii ki, əhalinin gəlirinin artması müəyyən təsir göstərir. Ancaq düşünülmüş alətlərdən istifadə etməklə inflyasiyanın kritik həddə artmasına imkan verilməyəcək”.

Nazirin sözlərinə görə, 4-5 faiz inflyasiya inkişaf etməkdə olan ölkə üçün yararlı hesab edilir.

Maraqlıdır, inflyasiya səviyyəsinin həddən çox aşağı olmasına iqtisadiyyat necə reaksiya göstərə bilər?

İqtisadçı-ekspert Vüsalə Əhmədova "Cümhuriyət” qəzetinə bildirib ki, yüksək inflyasiya, əsasən, iqtisadçıların çəkindikləri məfhumdur:

"Ancaq ümumi götürsək, iqtisadiyyatı zəif olan ölkələrdə inflyasiyanın az da olsa artması yaxşı haldır. İnflyasiyanın bir qədər artması şirkətlərin mənfəətini artırır, maaşlarda da bir qədər yüksəlmə baş verir, fərdlərin və şirkətlərin xərcləri artınca da iqtisadiyyatda canlanma yaşanar. Məsələn, bəzi iqtisadçılar var ki, qlobal böhran dövründə FED-i inflyasiyanı 6 faiz həddinə qaldırmağı tövsiyə etdilər. Ancaq FED inflyasiyanı 2 faiz həddində saxlamağı üstün tutdu, nə artırdı, nə də azaltdı. Təbii ki, yüksək inflyasiya ilk öncə stabil gəlirli insanlara və təqaüdçülərə mənfi təsir göstərir. Ancaq qəbul edilmiş bir tezis var ki, qiymətlərin yavaş templərlə artması şirkətlərin qazancını artırmaqda və bu da şirkətlərin yeni iş yerləri açmasına, məşğulluq yaratmasına səbəb olmaqdadır. Aşağı inflyasiya isə tam əks təsir yaradır”.

Ekspert onu da vurğulayıb ki, əhalini narahat edən problemlərin başında malların və xidmətlərin qiymətlərinin yüksəlməsi durur:

"İnflyasiyanın 4 faizi həddində saxlanılması aşağı gəlirli əhali kəsiminin və pensiyaçıların problemlərinin yüngülləşməsinə imkan yaradır. Eyni zamanda, sabit inflyasiya aşağı gəlirli insanların maddi rifahı üçün xüsusilə vacibdir. Çünki yüksək inflyasiya dövründə aşağı gəlirli əhali kəsimi yalnız zəruri istehlak mallarına yönəlmək məcburiyyətində qalırlar. Belə olan halda da, gəlirləri az olan əhali kəsiminin istehlak etdiyi mal və xidmətlər, gəlirləri yüksək olan insanların istehlak etdiyi məhsullardan daha sürətli bahalaşır. İlk öncə minimum istehlak zənbilinə daxil olan çörək, ət, süd, yumurta, makaron, tərəvəz, çay kimi məhsulların, kommunal xidmət və ictimai nəqliyyat qiymətlərinin yüksəlməsini müşahidə edirik. Beləcə, yüksək inflyasiya dövründə aşağı gəlirli insanların nominal gəlirləri stabil qalarkən, real gəlirləri yüksək olan insanların gəlirlərinə nisbətdə daha sürətli azalır. Bu səbəbdən də, inflyasiyanın 4 faiz həddində saxlanılması bu fərqi azaltmağın və sosial sabitliyin vacib şərtlərindən biri sayılmaqdadır”.

Analitikin qənaətincə, aşağı və stabil inflyasiya zamanı kreditlər üzrə faiz dərəcələri daha aşağı səviyyədə formalaşır:

"Son illərdə inflyasiyanın və maliyyə bazarının inflyasiya gözləntilərinin azalması kreditlər üzrə faiz dərəcələrinin aşağı düşməsinə səbəb olur. Aşağı və sabit inflyasiya bankların uzunmüddətli kreditlər vermək istəyini artırmaqdadır. Çünki yüksək inflyasiya banklar üçün faiz dərəcəsi üzrə risklərin mənbəyidir. Belə ki, inflyasiyanın artması zamanı bank öhdəliklərinin dəyəri, bank aktivlərinin gəlirliliyindən daha sürətli böyüyür. Belə olan halda da, yüksək inflyasiyadan doğan faiz risklərindən sığortalanmaq üçün banklar qısamüddətli kreditlər verməyi və ya xarici valyuta ilə kredit verməyi üstün tuturlar”.

Vüsalə Əhmədova hesab edir ki, Mərkəzi Bankın inflyasiyanı 4-5 faiz həddində saxlaması biznes üçün risklidir:

"Biznes üçün həqiqətən vacib amil istehlakçı tələbinin artmasıdır. İstehlak xərcləri istənilən inkişaf etmiş müasir iqtisadiyyatın təməl daşıdır. Məhz ABŞ, Avropa və Yaponiya istehlaka meyilli böyük və stabil orta sinif yaratmaqla XX əsrdə fenomenal iqtisadi artım və ümumi rifah səviyyəsinə çatmağı bacardı. Hətta Çin iqtisadiyyatı da artıq köhnəlmiş hesab edilən ixracı stimullaşdırmaq modelindən, daxili istehlakı stimullaşdırma yoluna keçməkdədir. İnflyasiya həddinin ikirəqəmli nisbətlərdən birrəqəmli həddə düşməsi, əsasən, istehlak tələbinin əks-sədası sayılır. İstehlak xərcləri və bütövlükdə iqtisadiyyatın yavaş templərlə böyüməsi, əsasən, aşağı inflyasiya dövründə müşahidə olunur. Hazırda əsas məsələ aşağı inflyasiya şəraitində istehlakçı tələbinin necə stimulladırılacağı olmalıdır. Bu problemə həm nəzəri, həm də praktik nöqteyi-nəzərdən baxmaq istərdim. Fikrimcə, dövlət prioritetlərini vətəndaşların real gəlirlərini artıra biləcək irimiqyaslı PR layihələrinə, nəhəng sosial yardım və müdafiə tədbirlərinə yönləndirməlidir. Bundan əlavə, daha sərt bir maliyyə siyasəti barədə düşünməyə dəyər. Neft bazarının stabilləşməsini nəzərə alaraq, dövlət öhdəliklərini artırmaqla vətəndaşların daha çox istehlak etməsini təmin edə bilər. Uçot dərəcələrinin aşağı olması biznes kreditləri üçün də müsbət zəmin yaradır”.