Qaynarxətt: (+99470) 997 11 77
«    May 2019    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
28-02-2019, 16:42 Oxunub: 45

Regional mədəniyyət idarələrinin informasiya məsələləri üzrə məsul şəxsləri üçün təlim keçirilib

Regional mədəniyyət idarələrinin informasiya məsələləri üzrə məsul şəxsləri üçün təlim keçirilib

Fevralın 28-də M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında Mədəniyyət Nazirliyinin regional mədəniyyət idarələrinin informasiya məsələləri üzrə məsul şəxsləri üçün ictimaiyyətlə əlaqələr sahəsində peşəkarlığın artırılması və mətbuatla işin təkmilləşdirilməsi məqsədilə təlim-kurs keçirilib.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, Mədəniyyət Nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin İctimaiyyətlə əlaqələr və mətbuatla iş sektorunun müdiri Türkan Cəfərova tədbirin nazirlik və regional mədəniyyət idarələri arasında mətbuatla iş sahəsində məlumat mübadiləsinin sürətləndirilməsi, operativliyin və səmərəliliyin artırılması məqsədilə təşkil olunduğunu qeyd edib. Bildirib ki, təlim regional idarələrin ictimaiyyətlə əlaqələrinin, mətbuatla işinin müasir tələblər səviyyəsində qurulmasını təmin etmək məqsədi daşıyır. Həmçinin tədbirlərin KİV-də operativ şəkildə işıqlandırılmasının vacibliyini diqqətə çatdırıb.

Təlimdə çıxış edən Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin direktoru Asif Usubəliyev ölkəmizdə mədəniyyət sahəsinin idarə olunması istiqamətində Mədəniyyət Nazirliyinin həyata keçirdiyi tədbirləri qeyd edib. Deyib ki, nazirlik tərəfindən regionlarda çalışan əməkdaşların müxtəlif səhələrdə bilik və bacarıqlarının artırılması üçün daima öz səylərini gücəndirir, treninqlər, kurslar, seminarlar təşkil edilir.

A.Usubəliyev regional idarələrin saytlarının və sosial şəbəkələrdəki səhifələrinin idarə olunmasına həsr olunmuş tədbirin əhəmiyyətini vurğulayıb: "Keçirilən tədbirlərin, təşkil olunan konsertlərin KİV, eləcə də sosial şəbəkələr vasitəsilə daha çox insana çatdırılması olduqca vacibdir. Bunun üçün mədəniyyət sahəsində çalışan əməkdaşlar, xüsusilə bu sahəyə məsul olan şəxslər daha ciddi səylə çalışmalıdırlar”.

Nazirliyin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı Məhəmməd Həmzəyev regional mədəniyyət idarələrinin ictimaiyyətlə əlaqələrinin inkişaf etdirilməsi, idarələrin fəaliyyətinin kütləvi informasiya vasitələrində daha geniş işıqlandırılması, təşkil olunan tədbirlər barədə press-relizlər və məlumat bülletenlərinin daha peşəkar səviyyədə hazırlanmasını təmin etmək məqsədilə bu kimi təlim-kursların təşkil olunmasının əhəmiyyətini vurğulayıb. M.Həmzəyev hazırlanan xəbərin təşkil olunan tədbirin mövzusunu əhatə etməsi, yazı üslubu, faktlara diqqətlə yanaşılması, məlumatın konkretliyi, fotoların seçilməsi və digər bu kimi məsələlərə toxunub.

Azərbaycan Turizm və Menecment Universitetinin baş müəllimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Vüsalə Məmmədzadə "Mədəniyyətin təbliğində müasir texnologiyalar” mövzusunda çıxış edib. Daha sonra Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin əməkdaşları Ceyhun Əhmədov "Məlumatların yayılması effektivliyinin təmin olunması məqsədilə sosial şəbəkələrin monitorinqinin aparılması”, Pərvanə Hüseynova "Mədəniyyət müəssisələrində ictimaiyyətlə əlaqələrin idarə edilməsi” və Nurəddin Babazadə "Sosial şəbəkələrdə məlumatların paylaşılma siyasəti” mövzularında çıxışlar edərək bu sahədə işin daha effektiv aparılması üçün diqqət edilməli olan məqamları qeyd ediblər.

Sonra təlim iştirakçılarını maraqlandıran suallar cavablandırılıb, mövzu ətrafında fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, regional mədəniyyət idarələrin KİV-lə münasibətlərinin, ictimaiyyətlə əlaqələrinin, onların saytları və sosial şəbəkələrdəki səhifələrinin idarə olunmasını da əhatə edəcək kurs iki gün davam edəcək.