Qaynarxətt: (+99470) 997 11 77
«    İyun 2020    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
18-05-2018, 23:54

Mehriban Əliyeva: Azərbaycan mədəniyyətlərarası dialoq, digərlərinə qarşı tolerantlıq və hörmət nöqteyi-nəzərindən beynəlxalq ictimaiyyətə bir çox şeylər təklif edə bilər

Mehriban Əliyeva: Azərbaycan mədəniyyətlərarası dialoq, digərlərinə qarşı tolerantlıq və hörmət nöqteyi-nəzərindən beynəlxalq ictimaiyyətə bir çox şeylər təklif edə bilər

 

Azərbaycan mədəniyyətlərarası dialoq, digərlərinə qarşı tolerantlıq və hörmət nöqteyi-nəzərindən beynəlxalq ictimaiyyətə bir çox şeylər təklif edə bilər.

Xeberekspress.Az AZƏRTAC-a istinadən bildirir ki, bunu Azərbaycanın Birinci vitse-prezidenti, UNESCO-nun xoşməramlı səfiri Mehriban Əliyeva Parisdə UNESCO-nun baş qərargahında 1999-2009-cu illərdə təşkilatın baş direktoru olmuş Koişiro Matsuuranın anadan olmasının 80 illiyi münasibətilə konfransda çıxış zamanı deyib.

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva bildirib:

"Əvvəla dəvətə görə təşəkkürümü bildirmək istəyirəm və burada, UNESCO-da həmkarlarımın və dostlarımın arasında olmağa çox şadam.

İcazə verin, sizi, əziz cənab Matsuura, 80 illik yubileyiniz münasibətilə təbrik edim və sizə möhkəm cansağlığı və uğurlar arzu edim.

UNESCO-nun baş direktoru vəzifəsində gördüyünüz işləri çox yüksək qiymətləndiririk. Sizin fəaliyyətiniz zamanı aparılan islahatlar UNESCO-nun dünya üzrə nüfuzunun gücləndirilməsinə imkan verdi. Biz bir çox uğurlu humanitar layihələrdən söz açdıqda sizin adınız həmişə qeyd olunur, məsələn, "Hamı üçün təhsil" beynəlxalq layihəsi və bir çox digərləri.

Sizin rəhbərliyiniz altında UNESCO və ölkəmiz arasında münasibətlər daha da möhkəmlənib. Dərin minnətdarlıq hissi ilə biz sizin Bakıya səfərlərinizi, birgə forum və konfranslarımızda şəxsən iştirakınızı xatırlayırıq. Mən sizin ilk beynəlxalq "Muğam aləmi" festivalında iştirakınızı xatırlayıram. Sizin iştirakınızla biz Azərbaycan Dövlət Xalça Muzeyinin və Beynəlxalq Muğam Mərkəzinin təməlini qoymuşuq. Sizinlə bir yerdə Müasir İncəsənət Muzeyinin açılışını etmişik. Bu gün bu mədəniyyət mərkəzləri paytaxtımızın ən çox ziyarət olunan və maraq doğuran yerlərinə çevrilib.

2007-ci ildə biz Azərbaycanda peşə hazırlığını inkişaf etdirmək üçün layihənin birgə icrası üzrə sənədə imza atdıq. Sonra 2009-cu ildə qeyri-maddi mədəni irsin qorunmasında strateji məqsədləri təmin etmək üçün Əməkdaşlıq Sazişini imzaladıq.

Sizin rəhbərliyiniz dövründə bizim tarixi abidələrimiz olan Bakının İçərişəhəri, Şirvanşahlar sarayı, Qız qalası, habelə Qobustan qayaüstü təsvirləri UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilmişdir. Musiqimizin inciləri olan muğam və aşıq sənəti Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilmişdir.

Sizin səyləriniz nəticəsində 2004-cü ildə mənə UNESCO-nun şifahi ənənələr və musiqi ənənələri sahəsində xoşməramlı səfiri titulunu almaq şərəfi nəsib olub və o vaxtdan bəri mənə göstərilən etimadı doğrultmaq üçün əlimdən gələni əsirgəməmişəm. Əziz cənab Matsuura, biz Azərbaycanla UNESCO arasında ikitərəfli əlaqələrin gücləndirilməsində sizin şəxsi səylərinizi çox yüksək qiymətləndiririk.

Bizim əməkdaşlığımızın tarixi 1992-ci ilə gedib çıxır. O zaman müstəqillik qazandıqdan dərhal sonra Azərbaycan bu mötəbər təşkilata üzv oldu. O vaxtdan bəri Azərbaycan UNESCO-nun əksər konvensiyaları və digər hüquqi sənədlərinə qoşularaq onları ratifikasiya edib. Bu gün biz təşkilatda fəal təmsil olunaraq və öz töhfəmizi verərək UNESCO proqramlarının işində iştirak edirik. 2013-cü ildə Azərbaycan və UNESCO Elm, Təhsil, Mədəniyyət və Kommunikasiya sahəsində Əməkdaşlığa dair Çərçivə sazişini imzaladı. Beləliklə, Azərbaycan donor ölkələri ailəsinə üzv oldu və bununla da UNESCO proqram və layihələrinə fəal dəstəyini göstərməyə başladı. Biz bununla qürur duyuruq. Digər məsələlər sırasında mən burada Afrika ölkələrində keyfiyyətli təhsilə nail olmaq üçün təvazökar töhfəmizi qeyd etmək istəyirəm.

Əziz dostlar, qədim İpək Yolunun mərkəzində yerləşən Azərbaycanın fikirlərin paylaşıldığı və insanların dostluq mühitində bir araya gəldiyi məkan kimi uzun tarixi var. Sivilizasiya, mədəniyyət və dinlərin qovuşuğunda yerləşən bir ölkə kimi Azərbaycan mədəniyyətlərarası dialoq, digərlərinə qarşı tolerantlıq və hörmət nöqteyi-nəzərindən beynəlxalq ictimaiyyətə bir çox şeylər təklif edə bilər. Bu gün multikulturalizm Azərbaycanın dövlət siyasətidir və biz multikulturalizm dəyərlərinin təşviqində UNESCO da daxil olmaqla beynəlxalq ictimaiyyətlə əməkdaşlıq edirik.

Burada mən Azərbaycan Respublikası Prezidentinin təşəbbüsü ilə irəli sürülən, mədəniyyətlərarası və dinlərarası dialoqun təşviq olunmasında həqiqətən də qlobal platformaya çevrilən "Bakı Prosesi"ni qeyd etmək istəyirəm. Əvvəla bu, Avropa Şurasına və İslam Əməkdaşlıq Təşkilatına üzv olan ölkələr arasında əməkdaşlıq platforması kimi irəli sürülmüşdü. 2008-ci ildə Azərbaycan bu iki beynəlxalq təşkilatın üzvü kimi Bakıda İslam Əməkdaşlıq Təşkilatına və Avropa Şurasına üzv olan ölkələrin mədəniyyət nazirlərinin görüşünü keçirdi. Bu proses bu günə kimi davam edir. Bu il biz "Bakı Prosesi"nin 10-cu ildönümünü qeyd edirik. UNESCO ilə sıx tərəfdaşlıq edərək, biz "Bakı Prosesi" çərçivəsində mədəniyyətlərarası dialoq üzrə 4 dünya forumunu müvəffəqiyyətlə keçirdik və bu işi gələcəkdə də davam etdirməyə hazırıq".

Azərbaycanın Birinci vitse-prezidenti bildirib ki, insan potensialının inkişafı UNESCO-nun və Azərbaycanın böyük əhəmiyyət verdiyi digər sahədir:

"Keyfiyyətli təhsil və mədəniyyət insan inkişafı üçün əsas elementlərdir və bu əhəmiyyəti nəzərə alaraq Azərbaycan "Ekspo 2025" Ümumdünya Sərgisini Bakıda keçirmək üçün namizədliyini irəli sürərək, "İnsan kapitalının inkişaf etdirilməsi, daha yaxşı gələcəyin qurulması" mövzusunu seçib. Təklifimiz qalib gələrsə biz bütün dünyanı Bakıya gətirməyə, dialoq və əməkdaşlığın mübadiləsi üçün həqiqətən universal platforma yaratmağa ümid edirik".

Mehriban Əliyeva qeyd edib ki, Azərbaycan dünya mədəni irsinin qorunmasına və proaktiv humanitar siyasətə birbaşa töhfə verərək UNESCO-nun dəyər və ideallarına çox sıx bağlı olduğunu nümayiş etdirib:

"İcazə verin, burada bir neçə misal çəkim. Qızlar üçün yeni məktəb inşa etməklə Azərbaycan 2005-ci ildə Pakistanın Müzəffərabad şəhərində dəhşətli zəlzələnin fəsadlarının aradan qaldırılması üçün beynəlxalq ictimaiyyətin səylərinə töhfə verib. 2011-ci ilə UNESCO ilə bağlanan müqavilə əsasında biz, həmçinin zəlzələdən əziyyət çəkmiş Haitinin mədəni irsinin bərpasında iştirak etmişik. Azərbaycanın dünya mədəni irsinin təqdimatı və bərpasına yönələn xeyriyyəçilik fəaliyyəti Almaniyada Berlin qəsri, Versalda qədim abidələr, Fransada aşağı Normandiyadakı kilsə və Luvr muzeyi, müqəddəs Marçelini və Piyetro qədim əlyazmaları və katakombaları, Vatikanda San Sebastyan katakombaları, İtaliyada Kapitoli muzeyində filosoflar zalı, Bolqarıstanda Trapezitsa muzeyi və digər bu kimi bir çox ölkələri əhatə edib.

Əziz dostlar, mən nailiyyətlərimizdən, cənab Matsuuranın UNESCO-ya uğurlu onillik rəhbərlik fəaliyyətindən çox danışa bilərəm. Bilirəm ki, bu səhər digər həmkarlarımın da sizlərlə paylaşacağı çoxlu fikirləri olacaq. Sonda, mən sadəcə cənab Matsuuranın müstəsna insani keyfiyyətlərini qeyd etmək istəyirəm. Öz təcrübəmdən deyə bilərəm ki, o, elə bir insandır ki, öz şəxsi səviyyəsi ilə kişi və qadınların düşüncələrinə sülh gətirir və buna görə UNESCO-nun dəyərləri və ideallarının təşviqində onun rolu həddindən artıq qiymətlidir. Mən həqiqətən belə bir dahi şəxsiyyətlə tanış olduğuma görə sevinc və qürur hissi duyuram, mükəmməl əməkdaşlığımızın və dostluğumuzun xoş xatirələrini yada salıram. Cənab Matsuura, sizinlə işləmək mənim üçün həmişə xoş idi və bir öyrənmə təcrübəsi idi. Mən gələcəkdə görüşəcəyimizə ümid edirəm, sizə və ailənizə möhkəm cansağlığı, xoşbəxtlik arzulayıram. Sizi tezliklə Azərbaycanda görəcəyimə ümid edirəm. Sağ olun".

XƏBƏR LENTİ
13:13 | Etirazçılar Trampı Ağ Evin bunkerində gizlənməyə məcbur etdi- SON DƏQİQƏ 12:50 | "Ən çox təhqirə məruz qalan şəxslərdən biri mənəm"- Milli Məclisin sədr müavinindən ŞOK AÇIQLAMA 12:26 | Milli Məclis tarixində bir İLK OLDU 12:05 | Ailə üzvlərində koronavirus aşkarlanan abituriyent imtahana BURAXILMAYACAQ 11:44 | Sosial şəbəkədə şəxsiyyət vəsiqəsi ilə qeydiyyatdan keçəcəyik? 11:41 | Parlamentin növbədənkənar sessiyasının ilk iclası başladı 10:56 | Bərdədə oğul anası və bacısını güllələyib – Rəsmi açıqlama 10:37 | Mayda hərraclarda nə qədər valyuta satılıb? - FOND MƏLUMAT YAYDI 09:58 | Buraxılış imtahanlarının vaxtı açıqlandı - QRAFİK 09:24 | Birinci vitse-prezident Mehriban Əliyevadan 1 İyun təbriki - FOTO 09:10 | 1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi günüdür! 21:12 | "Dərs vaxtı" verilişinin sabahkı cədvəli 20:52 | Mərkəzi Bankdan vaxtı keçmiş kreditlərlə bağlı AÇIQLAMA 18:23 | ABŞ-dakı etirazlara “Anonymous” haker qrupu da qoşuldu 18:02 | Azərbaycanda daha 101 nəfər koronavirusdan sağaldı - RƏSMİ 17:58 | Azərbaycanda daha iki nəfər koronavirusdan öldü: 248 yeni yoluxma - RƏSMİ 16:15 | Azərbaycan Premyer Liqasının bərpa olunacağı tarix açıqlandı - RƏSMİ 16:13 | Azərbaycanda daha bir qurumun əməkdaşları koronavirusa yoluxdu 15:28 | “Mall”lar bu gün niyə açılmayıb? - RƏSMİ CAVAB 14:28 | Türkiyə parlamentinin sədri Sahibə Qafarovaya zəng etdi 14:00 | Zakir Həsənov Milli Məclisdə tənqid edildi: Azərbaycanca danışa bilmir 13:57 | İyun ayında da 190 manat verilsin! – Deputatdan təklif