22 Noyabr 2020, Bazar
14 sen 2021, 13:44 | Gündəm / Mədəniyyət
"Azərbaycan muğamını dünyada tanıtmaq istəyirəm"

GƏNC XANƏNDƏ, "MUĞAM FESTİVALI-2019"UN QALİBİ MURAD LAÇINLI İLƏ MÜSAHİBƏ

Muğamlarımız, xalq və bəstəkar mahnılarımızın məharətli ifaçısı, gənc xanəndə Murad Laçınlını ilk dəfə təxminən iyirmi il öncə muğam festivalındakı ifasından tanımışam. O vaxt onun hələ 9-10 yaşı ola, ya olmaya idi. Üstündən illər keçəndən sonra Muradın "Muğam Festivalı-2019"dakı iştirakının şahidi oldum. Bu, artıq gənc Murad idi. Bir müddət sonra onunla birlikdə "Məclisi-üns" televiziya proqramında olduq...

Amma Muradı bəstəkar Şahid Əbdülkərimovun "Şirin yuxun olaydım" mahnısının heyrətamiz dərəcədə təsirli, ürəyəyatan,  adamın ürəyinin sarı siminə toxunan ifasından kəşf elədim. Axı, hər adamın başqasını kəşf etdiyi nəsə bir an, hadisə olur. "Şirin yuxun olaydım" mənim Muradı "görməyimdə" belə bir məqam oldu. Başa düşdüm ki, buna qədər onu sadəcə dinləmiş, sadəcə ona baxmışam və baxmaq hələ görmək deyil.

Uşaqlıqda unudulmaz müğənni Rövşən Behcətin ifasında  sevdiyim bu mahnını üstündən 40 il keçəndən sonra bir gəncin meydana çıxıb bu cür ifa edəcəyinə heç vaxt inanmazdım.  Zilə qalxmalar, bəmə enmələr, boğazdakı qaynatmalar, hamısı da öz ölçüsü, əndazəsində, bəstəyə zərrə qədər də xələl gətirmədən, ən başlıcası, ifaya ürək qoyaraq... Mən hələ indiyə qədər bu qədər  ismətli səs görməmişdim. Muradın özünəməxsusluğu ondadır ki,  mahnıya kənardan yox,  içəridən yanaşır.  Biri var ki, divara lepka vurasan, bir də var ki, daşı oyub naxışlayasan.  Qərb mədəniyyəti birinci, Şərq ikinci yolla gedib. Gənc ifaçı səsi içəridən naxışlayır və bu, təbiidir. O, Şərq, Azərbaycan xanəndəsidir və onun ifasındakı milliliyin arxitekturasında, məncə, məhz bu amil durur. Hələ gənc xanəndəni müşayiət edən pianoçu xanım... Bütün ruhu, qəlbiylə mahnıya köklənib ifa edir, hər notu sözün həqiqi mənasında yaşayır. Lirik bəstə, ürəkdən gələn ifa və virtuoz müşayiət... Nəticədə bu balaca şedevr alınır. Yazmaqdan, oxumaqdan yorulanda bu mahnını dinləyirəm, bütün yorğunluğum çıxır. İndi mənim hər mahnısını gözlədiyim müğənnim var - Murad Laçınlı.

Bu gəncin ifasını siz də görün. Ola bilməz ki, onun səsində gələcəyin virtuoz sənətkarının addım səslərini eşitməyəsiniz. Onu sevək, təbliğ edək, zirvələrə ruhlandıraq. Çünki bu laçın(lı) oğlan  cismən anadan, ruhən isə xalqımızın xoşbəxtlik arzularından doğulub.

***

- Murad, vətənpərvərlik evdən, sənət ailədən başlayır. Ailənizdə sənət mühiti olubmu?

- Atamın və babamın çox gözəl səsi olub. Xüsusilə, atamın arzusu olub ki, xanənədəlik eləsin. Amma təəssüf ki, o vaxtlar muğam sənəti üçün indiki şərait yox idi. Buna görə də atam öz arzusunu gerçəkləşdirə bilməyib. Onun arzularını mən gerçəkləşdirməyə çalışıram. 

- Xanəndə olacağını nə vaxt başa düşdün və buna qərar verdin?

- Orta məktəbdə ikinci sinifdə oxuyurdum. Təsadüf nəticəsində sinif rəhbərim boş sinif otağında zümzümə etməyi eşitdi və məni direktor müavininin yanına apardı. Mənə mahnı oxutdurdular. Bəyəndilər. Valideynlərimə məsləhət gördülər ki, məni 6 saylı musiqi məktəbinə aparıb, xanənədlik dərslərinə yazdırsınlar. O vaxtdan görkəmli sənətkarımız, Xalq artisti Əlibaba Məmmədovdan dərs almağa başladım. 

- Sənətə gəlməkdə ilk öncə özünü kimə borclu bilirsən?

- İlk öncə mənə bu həvəsi verən Allaha, sonra valideynlərimə, sonra da müəllimlərimə borcluyam. Görəsən, valideynlərimin dəstəyi olmasaydı, mən indi bu sənətdə olardımmı? Atam günü bu gün də bütün problemlərimin həllində mənim yanımdadır.

- Hər işin ibtidası çətin olur. İlk dəfə səhnəyə çıxdığın gün yadındadırmı? 

- O günü yəqin ki, ömrüm boyu unutmayacam. 1999-cu ilin oktyabr ayı idi. 9 yaşımda ilk dəfə böyük səhnədə muğam festivalında çıxış etdim.  Yadımdadır ki, boyum kiçik olduğuna görə, ayağım yerə çatmırdı, buna görə ayağımın altına qutu qoymuşdular ki, daha rahat ifa edə bilim. Mən o müsabiqədə "Qran Pri" mükafatına layiq görüldüm.

- Lap uşaq yaşlarından Heydər Əliyev, İlham Əliyev, Vladimir Putin kimi şəxsiyyətlərin qarşısında çıxışlar eləmisən. Bu şəxslər təkcə görkəmli dövlət xadimləri yox, həm də dərin intellektə, yüksək estetik zövqə malik duyğusal insanlardır. Onların qarşısında oxumaq necə hiss idi? Həyəcanlanırdın, yoxsa uşaq olduğun üçün kimlərin qarşısında oxuduğunun fərqində deyildin? 

- Mən çox xoşbəxtəm ki, Ümummilli lider, dahi şəxsiyyət Heydər Əliyevin, cənab Prezident İlham Əliyevin və Rusiya Federasiyasının prezidenti Vladimir Putinin qarşısında çıxışlar eləmişəm. O vaxt uşaq olduğuma görə necə böyük məsuliyyətin altına girdiyimi, şübhəsiz ki, lazımınca anlamırdım. Bircə istəyim var idi - istəyirdim ki, öz ifamı qüsursuz, səhvə yol vermədən ifamı yekunlaşdırım.

- Mənim üçün ən maraqlı nüanslardan biri Putinin sənin ifanı necə böyük maraq və hətta sevgiylə dinləməsi idi. Ola bilsin ki, öz düşüncələrimdə çox irəli gedirəm, amma hər dəfə sənin məlum videona baxanda hətta mənə elə gəlir ki, Putin "Qarabağ yalnız belə istedadları olan xalqa məxsus ola bilər" deyə düşünür, Rusiyanın ermənipərəst siyasətinə görə heç kəsə etiraf etmədiyi daxili bir peşmançılıq duyur.

- Yadımdadır ki, konsertdən sonra dedilər ki, Putin məni axtarıb. Dediklərinizin nə dərəcədə həqiqət olduğu barədə isə bir söz deyə bilmərəm. Bu barədə danışmaq sizin kimi sənət biliciləri və tamaşaçıların haqqıdır. Amma istənilən halda bu, sizin tərəfinizdən sənətimə verilən yüksək qiymətdir və buna görə sağ olun.         

- Muğam sənətində Əlibaba Məmmədov, Qəzənfər Abbasov kimi görkəmli sənətkarların  şagirdi olmusan. Bunlardan hansı sənin bir xanəndə kimi formalaşmağında daha böyük rol oynayıb?

- Hər iki ustadımın formalaşmağımda rolu çox böyükdür. Sağ olsunlar, üzərimdə əməkləri çox olub. Muğam sənətinin incəliklərinin öyrənilməsində ilk addımlarımı Əlibaba Məmmədovun sinfində atmışam. Bəxtim gətirib ki, muğam kimi mürəkkəb, çətin sənətin əlifbasını belə görkəmli sənətkardan öyrənmişəm. Hər işdə olduğu kimi, muğamda da əsas özüldür. Bu varsa, sonrakı problemləri həll edə bilirsən. Daha sonra Konservatoriyada təhsil alarkən əməkdar müəllim Qəzənfər Abbasovun tələbəsi olmuşam. Akademik təhsilimdə ustadımdan öyrəndiyim çox şey olub. Hər iki müəllimimə ömrümün sonuna qədər borcluyam.

- Amma arada bir müddət səhnədə görünmədin. Bu, nə ilə bağlı idi? 

- Bəli, bir müddət səhnədən uzaq qalmalı oldum. Oğlanlarda müəyyən yaşdan sonra səsin dəyişkənlik dövrü başlayır. Həmin dövrdə müəllimlərim oxumağı tövsiyə etmirdi. Daha sonra hərbi qulluqda oldum. Vətənə xidmət edib qayıtdıqdan sonra fəaliyyətimi davam etdirdim. Sizin dediyiniz fasilə bu illərdə olmuşdu. 

- Hansı hadisəni sənətdə ilk uğurun sayırsan? 

- İlk uğurum yəqin ki, Əlibaba Məmmədov kimi dahi sənətkarın tələbəsi olmaq idi. Biz ona "əmi" deyirik. Əmi məni kəşf etməsə, üzərimdə zərgər həssaslığı ilə işləməsəydi, mən indi, bəlkə də, bu sənətdə olmazdım. Amma ilk rəsmi uğurumu nəzərdə tutursunuzsa, bu 1999-cu ildə "Qran Pri" mükafatına layiq görülməyimdir.

- Muğam Festivalı 2019-un qaliblərindən birisən. Festival çoxmu çətin keçdi?

- Bütün festivalların öz çətinliyi var. Uşaq olanda insan məsuliyyəti çox da dərk eləmir. Amma böyüyəndən sonra  ustadların önündə hər həftə yaxşı ifalar etmək böyük məsuliyyət tələb edir. Mən də çalışırdım ki, nə ustadlarımın, nə də məni sevən dinləyicilərimi məyus edim.

- Bu gün onlarla istedadlı gənc muğam ifaçısı var. Onlardan kimin ifasını daha çox bəyənirsən?

- Əvvəla, gənclərin muğama gəlməsinə görə Birinci vitse-prezidentimiz, Heydər Əliyev Fondunun rəhbəri Mehriban xanım Əliyevaya bütün gənc ifaçılar adından minnətdarlığımı bildirirəm. Məhz Mehriban xanım başda olmaqla Heydər Əliyev Fondunun qayğısı sayəsində muğam sənətinə maraq gücləndi və istedadlı gənclər özlərini bu sahədə axtarmağa başladılar. Yaşıdlarımın bəziləri ilə bir səhnəni məmnuniyyətlə paylaşmışam, bəzilərini isə maraqla dinləyir, əksərinin ifalarını bəyənir, onların hər birinə uğurlar arzu edirəm.

- Özünün digər muğam ifaçılarından fərqini nədə görürsən?

- Mən həmişə öz ifamda yeniliklər etməyə çalışıram. İstəyirəm ki, təkrardan qaçım, dinləyiciləri bezdirməyim. Ona görə bir muğamı iki dəfə eyni cür oxumuram. Hər dəfə başqa cür alınır. Məncə, muğam sənətinin əsas özünəməxsusluğu elə bundadır. O, ifaçı üçün geniş improvizə imkanları yaradır.

- Hər xanəndənin öz sevimli muğamı olur. Məsələn, ustadın Əlibaba müəllimin sevimli muğamı "Hümayun"dur. Bəs sən necə, öz muğamını tapmısanmı?

- Əslində, mənim sevimli muğamım qeyri-ixtiyarı olaraq mənim sevimlimə çevirilib. Lap uşaqlıqdan "Bayatı-Şiraz" muğamı ifamda çox bəyənilirdi. Elə böyüyəndən sonra da bu rəğbət davam elədi. Hansı tədbirə, hansı məclisə dəvət alsam, məndən "Bayatı-Şiraz" muğamını ifa etməyimi istəyirlər.

- Səncə, niyə məhz "Bayatı-Şiraz"?

- Görünür, bu muğama məxsus lirizm, həzinlik mənim ifa tərzimə uyğun gəlir.

- Muğam ki, dedin, qəziyyə məlum, işi dəstgahdır...

- Dəstgah yazdırmaq bütün xanəndələrin ən böyük arzularındandır. Mənim də hədəflərim var. Yeni dəstgah yazdırmaq üçün hazırlıqlar görürəm. İnşallah, ən qısa zamanda bu arzumu da həyata keçirmək fikrindəyəm.

- Muğamla yanaşı, lirik mahnılara da meyl edirsən və yaxşı da alınır: "Şirin yuxu olaydım", "Biri sənsən, biri mən", "Belə qəmli dayanma", "Yandım, elə yandım"... Klassik lirika nümunələrini seçəndə nəyi əsas götürürsən? Məsələn, necə oldu ki, "Şirin yuxun olaydım" mahnısına müraciət elədin?

- Bizim çox gözəl klassik musiqilərimiz var. Mənim ifamda muğamla yanaşı, lirik mahnılar da bəyənilirdi. Buna görə bəzən lirikaya müraciət edirəm.  "Şirin yuxu olaydım" mahnısını tez-tez dinləyirdim. Yaxınlarımın, sənət dostlarımın yanında bir-iki dəfə zümzümə etdikdə onlar bunu çox bəyəndilər. Mən də qərara aldım ki, studiyada mahnını yazdırıb, daha çox auditoriya ilə paylaşım.

- Səndən əvvəl bu mahnını Rövşən Behcət, İslam Rzayev kimi görkəmli sənətkarlar oxuyublar. Yaşıdlarının arasında da mahnının ifaçıları var. Sən bu ifanla mahnıya nəsə bir yenilik gətirə bilmisənmi?

- Mənə elə gəlir ki, hər hansı mahnı, xüsusən də klassik mahnılar hər bir ifaçının səsində yeni tərzdə səslənməlidir. Yoxsa o mahnıya müraciət etməyə dəyməz. Amma mən indi demək istəmirəm ki, öz ifamla bu mahnıya hansısa yeniliklər gətirmişəm. Bunu demək haqqı dinləyicilərindir.

- İstedad həmişə qısqanclıqla qarşılanır, xüsusən də ilk vaxtlarda. Heç bu hallarla rastlaşırsanmı? Əgər rastlaşırsansa buna reaksiyan necə olur?

- Mən həmişə sənət yoldaşlarımın, ustadlarımın tənqidlərini ciddiyə almışam. Özüm heç kimin uğurlarını qısqanmamışam deyə belə şeylərə əhəmiyyət verməmişəm. Bizim hər birimizin bir məqsədi var. Yaxşı ifaçı olmaq, xalq tərəfindən sevilmək və yaddaşlarda qalmaq.

- Dinləyicilərin və səlahiyyətli şəxslərin sənətinə verdiyi qiymətdən razısanmı?

- Əlbəttə, razıyam. Dediyim kimi, tənqidləri həmişə ciddi qəbul edib üzərimdə çalışmışam. Mən böyük ustadlardan dərs almışam. Hətta bəzi zamanlar onlarla bir səhnəni də bölüşmüşəm. Ustadlarımın uşaqlıqdan mənim gələcəyimlə bağlı böyük ümidləri var idi. Həmişə çalışmışam ki, onların ümidlərini doğruldum. 

- Artıq xeyli müddətdir ki, musiqi məktəbində müəllimlik edirsən. Şagirdlərin arasında gələcəyinə ümid bəslədiyin istedadlar varmı?

- Artıq 7 ildir ki, Georgi Şaroyev adına 11 illik musiqi məktəbində pedaqoji fəaliyyətlə məşğulam. İstedadlı gənclərimiz çoxdur. Mənim də tələblərim arasında gələcəyinə ümid bəslədiklərim var. Və bir müəllim ki, əlimdən gələni etməyə çalışıram ki, onlara doğru yol, doğru istiqamət göstərim.

- Bu yaxınlarda toyun oldu. Bu münasibətlə səni təbrik edir, xoşbəxt ailə həyatı arzulayıram. Amma sənət adamı əksərən sənətlə ailə arasında qalır, qısqanclıqlar, söz-söhbətlər olur. Belə hallarla qarşılaşırsanmı? 

- Təbriklərinizə görə təşəkkür edirəm. Həyat yoldaşım sənət aləmindən olan xanım deyil. Amma ilk tanışlığımızdan işlərimizdə bir-birimizə dəstək olmuşuq. Qısqanclıq üçün şərait yaratmadıqdan sonra belə söz-söhbətlər də baş vermir.

- Gələcəklə bağlı nə kimi arzuların, istəklərin var?

- Gələcəklə bağlı arzularım, istəklərim sonsuzdur. Bunlardan biri və ən vacibi Qarabağımızda dünyaya səs salan konsertlərdə çıxış etməkdir. Azərbaycan muğamını dünyada tanıtmaq istəyirəm. 

Söhbətləşdi: Əsəd CAHANGİR


 

Anım günü ilə əlaqədar Bakının bu ərazilərində hərəkət məhdudlaşdırılacaq 25 sen 2021, 18:06 Yoluxanların sayı açıqlandı 25 sen 2021, 17:25 Hava şəraiti ilə bağlı əhaliyə - Xəbərdarlıq 25 sen 2021, 17:03 Rus sülhməramlıların yeni komandanı Karapetyanla görüşdü 25 sen 2021, 15:49 İƏT erməni cinayətləri barədə hesabat hazırlayacaq 25 sen 2021, 15:11 Kriminal dünyada yeni savaş: "Lotu Quli"nin qisası alınır? 25 sen 2021, 15:06 Azərbaycanda yüksək vəzifə tutan xanımlar - SİYAHI 25 sen 2021, 14:41 Mahir Emrelidən Poşla mətbuatına maraqlı açıqlamalar 25 sen 2021, 13:54 Qarabağdakı rus sülhməramlıların yeni komandanı o oldu 25 sen 2021, 13:51 Qarabağdakı rus sülhməramlıların yeni komandanı o oldu 25 sen 2021, 13:27 Azərbaycana qar yağdı - FAKTİKİ HAVA (YENİLƏNİB) 25 sen 2021, 13:24 Sahibə Qafarova Qazaxıstana getdi 25 sen 2021, 12:49 İkinci Qarabağa savaşında qəhrəmanlıq dastanı yazan igidlər: Göynük Qartalları 25 sen 2021, 12:43 “Dövlət qurumlarının sosial mediada səmərəli fəaliyyətinin təşkili” mövzusunda seminar keçirildi 25 sen 2021, 11:34 Sosial yardım alanlara VACİB XƏBƏR 25 sen 2021, 10:08 FHN-in sabiq şöbə müdiri HƏBS EDİLDİ 25 sen 2021, 10:05 Ceyhun Bayramov Ermənistan XİN rəhbəri ilə görüşdü 25 sen 2021, 09:39 İranın Bakıdakı səfiri Qarabağa daşınan yüklərdən və sərhəddəki təlimdən danışdı 24 sen 2021, 21:36 Rayona ictimai nəqliyyatla gedənlərdən COVİD-19 pasportu tələb ediləcək 24 sen 2021, 19:09 Oktyabrın 1-dən ictimai nəqliyyat həftəsonu da işləyəcək 24 sen 2021, 18:46 Operativ Qərargah məlumat yaydı 24 sen 2021, 18:33 Mehriban Əliyeva Binədə yeni inşa edilən məktəbdə - Fotolar 24 sen 2021, 18:20 Şərəfli Zəfərimizin birinci ili 24 sen 2021, 17:30 Jirinovski deputat mandatından imtina ETDİ 24 sen 2021, 17:28 Ramin Bayramlı bu vəzifəsindən də AYRILDI 24 sen 2021, 17:24