Erməni diversantların qaytarılması ilə bağlı Rusiyanın vasitəçiliyi niyə baş tutmadı? - GƏLİŞMƏ

Gündəm / Dünya
12-04-2021, 08:47

Erməni diversantların qaytarılması ilə bağlı Rusiyanın vasitəçiliyi niyə baş tutmadı? - GƏLİŞMƏ

 



Aprelin 7-də Ermənistanın baş naziri Nikol Paşinyanın Moskvada prezident Vladimir Putinlə görüşündən dərhal sonra Azərbaycanda saxlanılan erməni diversantların qaytarılması məsələsi yenidən gündəmə gəldi.

Əvvəlcə onu qeyd edək ki, bu məsələ Paşinyan hökuməti üçün ciddi başağrısına çevrilib. Bir neçə aydır ki, əsir və itkin düşmüş hərbçilərin valideynləri baş nazirin iqamətgahı, Müdafiə Nazirliyinin binası qarşısında fasiləsiz etiraz aksiyaları keçirirlər. Paşinyan və başqa hökumət rəsmiləri onları qəbul edib, dinləsələr də, əllərindən bir iş gəlmir. Müharibədə iştirak etmiş yüzlərlə erməni hərbçisi hələ də itkin düşmüş sayılır. Azərbaycan onların axtarılmasına şərait yaradır, indiyədək 1600-dək cəsədin qalıqları Ermənistana təhvil verilib.

Rusiya mətbuatı iddia edir ki, hazırda Azərbaycanın əlində 140-dan artıq erməni hərbçi var. Bu informasiya erməni ictimaiyyətində də ciddi qəbul olunur. Ailələr Paşinyandan nəyin bahasına olursa-olsun, onları geri qaytarmağı tələb edirlər.

Azərbaycanın bu məsələyə yanaşması isə fərqlidir. Əvvəla, rəsmi Bakı qeyd olunan rəqəmi doğru saymır. İkincisi, saxlanılan şəxslərin hərbi əsir olmadığını bəyan edir. Çünki həmin adamlar 10 noyabr atəşkəs razılaşmasından həftələr sonra Xocavənddə Azərbaycan ordusunun mövqelərinə hücum etmiş və bu zaman yaxalanaraq tərksilah edilmiş əsgərlərdir. Rəsmi Bakı onları terrorçu-diversant hesab edir və bu məsələnin qapandığını bildirir. Həmin terrorçu-diversantlar ölkə qanunverciliyinə uyğun olaraq mühakimə olunacaqlar.

Ermənistan tərəfi isə həmin şəxslərin qaytarılmamasını 10 noyabr bəyanatına zidd hesab edir. Həmin sənəddə əsirlərin "hamını hamıya” prinsipi ilə qaytarılması əks olunub. Razılaşmaya uyğun olaraq, bugünədək Azərbaycan 70 erməni hərbi əsrini qaytarıb, qarşı tərəf isə 14 azərbaycanlı əsiri və birinci Qarabağ müharibəsi zamanı həlak olmuş 7 nəfərin cəsədinin qalıqlarını təhvil verib.

10 noyabr razılaşmasına Azərbaycanın tələbi ilə salınmış bir neçə bənd icra edilmir. Ekspertlər hesab edirlər ki, onların bəzilərinin icrası müqabilində rəsmi Bakı diversantları qaytara bilər. Söhbət erməni silahlı qüvvələrinin Dağlıq Qarabağı tərk etməsindən, daxili kommunikasiyaların, məsələn, Tərtər-Ağdərə-Kəlbəcər yolunun açılmasından, eləcə də üçtərəfli bəyanatda əksini tapmayan məsələ – minalanmış ərazilərin xəritələrinin Azərbaycana verilməsindən gedir.

Əlbəttə, qaldırılan bu məsələlərin yerinə yetirilməsi təkcə İrəvanın iradəsi daxilində deyil. Belə "böyük işlərlə” bağlı qərarları Rusiya verir. Kremlin maraqları isə fərqlidir. Rusiya hərbi-siyasi dairələri sülhməramlı əməliyyat zonasında faktiki olaraq Moskvaya bağlı anklav yaradır, həm separatçılardan, həm də bölgədəki erməni silahlı birləşmələrindən öz məqsədləri üçün istifadə edir. Erməni diversantların zərərsizləşdirildiyi Xocavənd əməliyyatının məhz sülhməramlıların xeyir-duası ilə baş verdiyi yönündə rəylər var. Məqsəd münaqişənin bitmədiyi və Kremlin maraqlarının təmin olunmayacağı təqdirdə, yenidən alovlanacağı barədə tərəflərə aydın mesaj vermək olub. Bu hücum əməliyyatı Paşinyan hakimiyyətinin vəziyyətini bir az da ağırlaşdırıb. Çünki atəşkəsi pozmaqla bərabər, xeyli sayda hərbçi öldürülüb və əsir düşüb. Məğlub erməni cəmiyyətində bu uğursuzluq növbəti şok effekti yaradıb.

Hərbi əsirlər məsələsində Rusiyanın öz maraqları var. Moskva ritorikada erməni hərbçilərinin qaytarılmasını istəyir, amma bununla bağlı israrlı və ciddi səylər göstərmir. Çünki iki ölkə arasında problemlər nə qədər çox olsa, Kreml üçün o qədər yaxşıdır. İkincisi, Paşinyanın bu problemə görə dalana dirənməsi və seçki ərəfəsində xal itirməsi də Rusiyanın maraqlarına cavab verir.

Amma Paşinyanın Moskva səfərindən sonra hadisələr bir qədər fərqli məcrada cərəyan etdi. Belə ki, baş nazirin ziyarətindən bir gün sonra Rusiyanın baş prokuroru İrəvana getdi, ardınca Putin Azərbaycan prezidenti İlham Əliyevə zəng edib, Qarabağ problemini müzakirə etdi. Elə həmin gün Rusiyanın baş prokuroru Bakıya gəldi. Aprelin 8-i saat 22 radələrində Ermənistan mediası "içində erməni əsirlər olan təyyarənin Bakıdan İrəvana yola düşdüyü” xəbərini yaydı. Amma bir saat sonra xəbər təkzib edildi, məlum oldu ki, Bakıdan İrəvana uçan təyyarədə Rusiya sülhməramlılarının komandiri, general Rüstəm Muradovdan başqa kimsə olmayıb.

Görünür, Moskvada Putin-Paşinyan görüşü zamanı bu məsələ baş nazir tərəfindən israrla gündəmə gətirilib. Ola bilsin, Ermənistan rəhbəri bunun qarşılığında hansısa öhdəliklər götürüb, vədlər verib. Çünki seçkiqabağı dönəmdə bu problemin həll olunması Paşinyan üçün çox vacibdir. Ehtimal etmək olar ki, Putin İlham Əliyevlə məhz bu məsələni müzakirə edib. Rusiya baş prokurorunun İrəvana və Bakıya səfəri məsələnin müzakirə müstəvisinə qaytarıldığından xəbər verir. Maraqlıdır, Bakıya gələn Rüstəm Muradov İrəvana əliboş dönür və Ermənistan hökumətini yalan və təxribatçı xəbər yaymaqda suçlayır. Həmin gün Rusiyanın Bakıdakı səfirliyinin qarşısında Müsavat Partiyasının etiraz aksiyası keçirilir və polis ona müdaxilə etmir. Hadisələrə ən maraqlı şərhlərdən biri isə Ermənistan parlamentinin Müdafiə və təhlükəsizlik məsələləri Komitəsinin sədri Andranik Koçaryandan gəlib:

"…Siz fikir vermədinizmi ki, əsirlərin qaytarılması məsələsi baş nazirin Rusiya Federasiyası prezidenti ilə danışıqlarından sonra qalxdı? Ona qədər əsirlərin ertəsi gün qaytarılacağına dair heç bir söhbət yox idi. Bu addımdan hiss olunurdu ki, Rusiya problemin həllinə öz töhfəsini vermək istəyib. Elə Rusiyanın milli qəhrəmanı, general-leytenant Muradov da Bakıya əsirləri gətirmək üçün getmişdi. Ola bilsin, Azərbaycan bu məsələnin həllində Türkiyənin də iştirakını gözləyir. Görünür, belə bir istək var ki, cənab Putin və Ərdoğan bu barədə bir daha danışsınlar”.

Yeri gəlmişkən, aprelin 9-da Rusiya və Türkiyə prezidentləri arasında baş tutan telefon söhbətində Dağlıq Qarabağ məsələsinə də toxunulub. İstisna deyil ki, Putin diversant probleminin həlli üçün Ərdoğandan kömək istəyib. //pressklub.az//