Qaynarxətt: (+99470) 997 11 77
«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
19-09-2019, 21:26 Oxunub: 280

“İndiki vəsaitlərin 90 %-i işbaz müəllimlərin əlindədir” – Pulsuz kitablar hazırlayan təlimçi

 

“İndiki vəsaitlərin 90 %-i işbaz müəllimlərin əlindədir” – Pulsuz kitablar hazırlayan təlimçi

 

 

"Namizədlərə demək istəyirəm ki, 2018-2019-cu illərdə güclü reklamı gedən kurslara qətiyyən yazılmasınlar. Amerika kurikulumunu tərcümə edib kurikulum adı ilə satan müəlliflərə müraciət etməsinlər”.

Bu sözləri AzEdu.az-a açıqlamasında Emil Tağızadə deyib. Çoxları onu sosial şəbəkələrdə müəllimlərə dəstəyi ilə tanıyır.

AzEdu.az-a danışan Emil Tağızadə bildirib ki, ixtisası müəllimlik olmasa da, riyazi bilikləri güclü olduğuna görə, bu fənn üzrə repetitorluqla məşğuldur. Mühasibat uçotu və audit ixtisası üzrə bakalavr və magistratura təhsili alıb.

Gələcəkdə dövlət qulluğu, magistratura imtahanı, müəllimlərin işə qəbulu, direktorların işə qəbuluna  hazırlaşanlar üçün onlayn hazırlıqlar həyata keçirməyi planlaşdırır. Elə özü də dəfələrlə dövlət qulluğu müsahibələrində iştirak edib. Müxtəlif vaxtlarda 92, 89 ballıq nəticələr göstərib. Bir sıra dövlət strukturlarında çalışıb.  Hazırda çalışdığı müəssisəyə də dövlət qulluğu vasitəsilə qəbul olunub.

"Vəsaitlərimi kitab halında çıxarıb satışa vermək istəmədim”

Emil Tağızadə fərqli cameədə olmasına, mühasibatlıq üzrə çalışmasına baxmayaraq, təhsil istiqamətinə yönəlməsini belə izah edir:

"Bəzi təlimçi, repetitor və kurs rəhbərlərinin müəllimlərə kitab aldırmaq məqsədilə müəyyən reklamlara əl atdıqlarını gördüm. Bu, sosial şəbəkələrdə xüsusi aktivliklə müşahidə olunurdu. Ucqarlarda işləyən müəllimlər daha çox çətinlik çəkirdilər, kitab almaq üçün 50-100 manat verə bilmirlər. Sırf onlara dəstək məqsədilə pulsuz vəsaitlər hazırlamaq qərarına gəldim. Dövlət qulluğu ilə bağlı 4, direktorların işə qəbul müsabiqəsi ilə bağlı 2, müəllimlərin işə qəbulu müsabiqəsinin test imtahanı ilə bağlı 2, müsahibə mərhələsi ilə bağlı isə 4 elektron vəsait hazırladım.

Elektron vəsaitlərdə təhsillə bağlı hər şey qeyd edilib. MİQ müsahibə sualları dünyagörüşü və qanunvericilik istiqamətini əhatə edir. Amma direktorların işə qəbulu müsahibəsinin müsahibə mərhələsi üçün  sırf onların vəzifə borcları, bu vəzifə sahiblərinin gördükləri işlər, sinif rəhbərlərinin vəzifə borcları və təhsil qanunvericiliyi əks olunub.

Müxtəlif vaxtlarda xeyli müsahibələrdə iştirak etməyim də bu işdə mənə kömək edir.

Vəsaitləri yalnız elektron formada hazırladım. Kitab halına salıb satışa vermək istəmədim. Bir qədər çətin oldu, çünki tam fərqli, ixtisasıma yad olan istiqaməti araşdırırdım. Məqsədim yalnız namizədlərə kömək idi. Elektron vəsaitləri müraciət edən hər kəsə müxtəlif sosial şəbəkələr vasitəsilə yollayıram”.

"Namizədlər buna görə də real nəticə əldə edə bilmirlər”

O, elektron vəsait hazırlamağa başlamasını müəllim və direktor namizədlərin kurslara aldanması ilə izah edir:

"Haqsızlığı qəbul edə bilmədim. Bəzi kurs rəhbərlərinin sadəcə kitab satdıqlarını, amma bunun namizədlərə heç bir faydasının olmadığını gördüm. Namizədlər isə əllərində heç bir vəsait olmadığına görə, kitab almağa məcbur olurlar. Buna görə də real nəticə əldə edə bilmirlər. Çox düşünüb götür – qoy etdikdən sonra bu yola çıxmağı qarşıma məqsəd qoydum. Nəticədə bütün müəllimlər hazırladığım vəsaitdən istifadə etdilər. Elektron vəsaitlərə ciddi tələbat müşahidə etdim. Yüzlərlə müəllim onlardan istifadə edib uğur qazanandı.

Bu vəsaitlərin hazırlanmasına 2 həftədən 3 aya qədər vaxt sərf edirəm. Məsələn, 4 hissədən ibarət vəsaitləri 3 aya hazırlaya bilmişəm. Müəllimlər məni məhz bu il tanıyıblar.

Bir müddət keçəndən sonra müxtəlif vəsaitlərin hazırlanması üçün təkliflər aldım. Amma vaxt məhdudiyyətim olduğuna görə, qərar verə bilmirəm. Çünki öz ixtisasım üzrə də çalışıram”.

"İndiki vəsaitlərin 90 %-i işbaz müəllimlərin əlindədir”

Emil Tağızadənin istəkləri də elə təhsillə bağlıdır. Gələcəkdə bölgələrdə kurs açmağı düşünür:

"Kurslar bölgə müəllimləri üçün əlçatan deyil. Bunun üçün bir neçə rəsmi orqana müraciət etmişəm, cavab gözləyirəm.

Amma namizədlərə demək istəyirəm ki, özləri araşdırandan sonra kurslara ehtiyac qalmır. Çətini vəsait əldə etməkdir. Hazırda MİQ müsabiqəsinə hazırlaşanlar üçün normal vəsait yoxdur. Təhsil Nazirliyindən verilən məlumata görə, bu il vahid vəsait təqdim olunmalıdır. Bu, çox yaxşı olardı. Çünki indiki vəsaitlərin 90 %-i işbaz müəllimlərin əlindədir. Kitabı keyfiyyət düşünərək çıxarmırlar. Onları yalnız qazanc, maddiyyat düşündürür. Bir kitabı 50 manata satırlar. Başa düşmürlər ki, namizəd hər fənn üçün o pulu versə, 150-200 manatını hələ təkcə kitaba verməlidir.

Bəzi kurslar sırf isə əhalini sırf reklamlarla inandırırlar. İnsan həmişə çox reklamı olunanlara meyl göstərir. Hər şey aydındır, güclü reklamı olan bəzi kurslar bu il  ümumiyyətlə nəticə göstərmədi və məcburən sosial şəbəkə hesablarını bağlamalı oldu.

Fikrimcə, həmin kurslar nazirlik səviyyəsində yoxlanmalı, onlara nəzarət olunmalıdır. Hətta bəzi kurslar hazırlıqla yanaşı, vəsait üçün də ödəniş tələb edirlər. Nəticədə öz vəsaitlərini satırlar. Məhz ətrafımdakı müəllimlərdən bunları eşitdiyimə görə, onlara təmənnasız kömək etmək qərarlarına gəlmişəm. Əsasən, ucqarlardakı müəllimlərə kömək edirəm. Bakıda vəsait tapmaq elə də çətin deyil. Amma ucqarlar üçün bu əlçatmazdır”.(AzEdu.az)


XƏBƏR LENTİ